Azərbaycanın bölgələrində futbolun olmamağı, bu il də elitaya birinci dəstdən komanda buraxılmamağı AFFA rəhbərliyinə qarşı tənqidi daha da kəskinləşdirib.
İndi hərəsi bir yolla bu tənqid dalğasını nisbətən səngitmək niyyətindədirlər.
PFL prezidenti Ramin Musayev də tapşırığa uyğun olaraq fəaliyyətə başlayıb. Bildirib ki, Şuşa şəhərində stadion tikiləcək. Hə, nə olsun?
Bunu hər kəs bilir də. Şuşada böyük layihələr həyata keçiriləcək və təbii ki, stadion da tikiləcək. Amma Şuşanın relyefi imkan vermədiyi üçün orada, böyük yox, tutumu 5-6 min olan arena inşa olunacaq. Bu xəbər də məndən ərməğan olsun oxuculara.
Ramin Musayev lap pıçıltı ilə deyib ki, işğaldan azad olunan ərazilərdə də stadionlar inşa ediləcək və hər rayonda futbol komandasının yaradılması nəzərdə tutulur.
Lap pıçılıtı ilə də deyib ki, bu xəbəri nə AFFA prezidentindən, nə də baş katibdən eşidib.
Burda da “şad xəbər”lik heç nə yoxdur. Ermənilərin tamamilə dağıtdıqları rayonlarımız yenidən qurulur. Yenidən qurulan rayonlarda stadionlar da tikilməlidir.
Əsas məsələ Ramin müəllimin “futbol klubları olacaq” xəbəridir. Goplayır. Yəni elə başa düşməyin ki, həmin rayonlarda futbol komandaları yaradılacaq və onlar elitada oynayacaqlar. Heç birinci divizionda da çıxış etməyəcəklər.
Əlbəttə, nə qədər ki, AFFA rəhbərliyi dəyişməyib. Çünki bu AFFA rəhbərləri qurucu yox, dağıdıcıdırlar. Onlar böyük futbol ənənələri olan rayonlarda - Lənkəranda, Mingəçevirdə, Qazaxda, Masallıda, Sabirabadda, Şirvanda, Qusarda, Şəmkirdə bu oyunun kökünü kəsiblər.
Onlar infrastrukturu da qorumağa cəhd göstərməyiblər. Məsələn, götürək “Bakı”nın bazasını. Axı bu bazanın açılışnı dövlət rəhbərliyi etmişdi.
O bazanı kimlərsə dağıdanda AFFA ölkə rəhbərliyinə müraciət etdimi? Yox. Bəlkə də o bazanın dağıdılmasında maraqlı oldular.
Bu şəxslər hər cür şəraitin olduğu rayonlarımızda futbolu məhv ediblərsə, işğaldan azad edilən bölgələrdə futbolu inkişaf etdirəcəklər? İnanan daşa dönsün!
Xüsusən də Ramin Musayevə. Bu o Ramin Musayevdir ki, yalan olmasın, 15 il əvvəl bəndənizə demişdi ki, Babək prospektində “Neftçi” üçün stadion tikirik. Hanı o stadion, Ramin müəllim?
Nə isə... Musayev yenə də goplayır. Təbii ki, kimlərinsə tapşırığı ilə. Və elə bilir ki, bu yalanlarla AFFA rəhbərliyinin imicini xilas edə biləcək. Nahaq əziyyət çəkir. Gərək imic olsun ki, onu xilas etmək istəyəndə də əlin boşa çıxmasın.
Natiq Muxtarlı

