Qarabağ qaziləri və şəhid ailələrinə daha çox vəsait ayırmaq imkanı yaranacaq

24 May 2021 12:10 Problem 501
Qarabağ qaziləri və şəhid ailələrinə daha çox vəsait ayırmaq imkanı yaranacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 18-də imzaladığı fərmanla dövlət tərəfindən icbari sığorta olunan mühüm qrup şəxslər üzrə sığorta haqqının toplanması, idarə olunması səlahiyyəti Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub.

Bunlar Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər və mülki müdafiə qüvvələrinin şəxsi heyətidir. Bu şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən DSMF-yə həvalə olunur.

UNEC professoru ƏƏSMN Yanında İctimai Şurasının sədri seçilib

Elşad Məmmədov

İqtisadçı-alim, ƏƏSMN yanında İctimai şuranın sədri Elşad Məmmədovun sözlərinə görə, Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinin gələn ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsində yeni əlavə imkanlar yaradacaq: “Bu gün sosial sahədə aparılan islahatların kökündə dayan prinsip optimallaşdırmanın, vəsaitlərin düzgün və ünvanlı, ədalətli idarəolunmasının təmin edilməsidir. Baxsaq görərik ki, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılması sistemi son illərdə xeyli təkmilləşdirilib, müasir və təkmil, çevik bir şəkildə qurulub. Publik hüququ şəxs kimi DSMF sığorta vəsaitlərindən səmərəli istifadə mexanizminə keçib”.

E.Məmmədov vurğulayır ki, son iki ildə fondda ciddi islahatlar aparılmaqla fərdi uçot sistemindəki problemlər aradan qaldırılıb: “Fərdi uçotun mərkəzləşdirilməsi, vətəndaşlara daha operativ şəkildə məcburi dövlət sosial sığorta haqqı hesabına sosial ödənişlərin təyinatı və ödənilməsi sistemi qurulub. Sosial ödənişlərin həm mütəmadi və ciddi şəkildə artırılması təmin olunur, həm bu ödənişlərin dayanıqlı, etibarlı maliyyə təminatı dayaqları qurulub. Son 3 ildə də fondun gəlirlərində 39 faiz, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70 faiz artım qeydə alınıb. Əhaliyə sosial təminat üzrə ödənişlərin 1,3 milyard manat, yəni 100 faizə yaxın artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10 faiz azalıb. Bu ciddi müsbət nəticələrdən biridir. Deməli, yeni fərmanla bu pozitiv, önəmli, islahatçı, faydalı yanaşmalar dövlət icbari şəxsi sığortası sahəsini də əhatə edəcək və bu sahəyə həm idarəçiliyin təkmilləşməsinə, həm də əhaliyə xidmət modelinin prioriteti kimi vətəndaş məmnunluğuna yönəlik müsbət dəyişikliklər gətirəcək”.

Ekspertin bildirdiyinə görə, digər tərəfdən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlər ildən-ilə geniş vüsət alır. Dövlət bu sahəyə ayrılan vəsaitiləri daim artırır: “Prezident İlham Əliyevin yeni fərmanında bu istiqamət bir daha əksini tapır. Yəni sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsi təmin olunur. Bundan qazanılan gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir. Bu, çox əhəmiyyətli, təqdirəlayiq qərardır”.

Sığortaçılar Assosiasiyasının yeni sədrindən ilk açıqlama - FED.az

Azər Əliyev

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyevin “Yeni Müsavat”a dediyinə görə, ölkədə müxtəlif iqtisadi klassifikasiyaların dayanıqlı inkişafının təmin olunması məqsədilə artıq uzun illərdir ki, kompleks iqtisadi islahatlar aparılmaqdadır: “Xüsusilə 2019-cu ildən daha geniş və əsaslı xarakter alan bu islahat platforması mövcud şəraitdə sağlam iqtisadi inkişaf modelini formalaşdırmış oldu. Heç şübhəsiz ki, haqqında danışdığım bu iqtisadi islahat paketi qısa yox, məhz orta və uzunmüddətli perspektiv üçün hesablanmışdır və fərqli istiqamətlərin müxtəlif dövrlərdə əsaslı inkişafına yönəlik uğurlu bir tendensiya kimi davam etməkdədir”.

Assosiasiya rəhbəri hesab edir ki, ölkə Prezidentinin imzaladığı “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman həyata keçirilən uğurlu iqtisadi islahatların tərkib hissəsi və məqsədyönlü davamıdır: “Çünki sığorta sistemi bütün dünya ölkələrində olduğu kimi respublikamızda da iqtisadiyyatın başlıca müdafiə qarantı və lokomotividir. Fərman yeni iqtisadi dirçəliş mərhələsinin başlanğıcı olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının sosial dövlət olduğu faktını bir daha əyani şəkildə sübut etmiş oldu. Bu fərman dövlətçiliyə xas milli maraqların müdafiə olunduğu və dövlət qulluqçularının sosial müdafiə mexanizminin yenidən formalaşdırıldığı rəsmi sənəddir”.

A.Əliyevin fikrincə, müvafiq dəyişiklik təbii ki, yerli sığorta bazarına təsirsiz ötüşməyəcək: “Əminliklə qeyd etmək istəyirəm ki, müvafiq dəyişiklik yalnız müsbət yöndə müşahidə olunacaq. Çünki təcrübə və müşahidələr də onu göstərir ki, iqtisadi və sosial istiqamətdə məhz ölkə rəhbərliyi tərəfindən müxtəlif zamanlarda atılmış addımlar, həyata keçirilmiş yeniliklər daim dayanıqlı inkişaf modelina adekvat olmuşdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti