Bakıda keçiriləcək iki mühüm idman tədbiri - Yoluxma sayı arta bilərmi?

23 May 2021 19:20 Problem 1 393
Bakıda keçiriləcək iki mühüm idman tədbiri - Yoluxma sayı arta bilərmi?

Azərbaycanda yoluxma sayı günü-gündən aşağı düşür.

TƏBİB-in departament müdiri Yaqut Qarayeva bildirib ki, yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər:"Bununla bağlı qaydalar hazırlanır.

Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsə rəsmi məlumatları gözləməyi tövsiyə edirəm".

TƏBİB rəsmisi toylarla bağlı qaydaların hazırlandığını da deyib: "Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır. Bu yaxınlarda qərarlar elan olunacaq. Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə, vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır".

Azərbaycanda epidemioloji vəziyyətin yenidən pisləşməsi ilə bağlı narahatlıq var. Gələn ay Azərbaycan iki mühüm tədbirə - Formula-1 üzrə Azərbaycan Qran-prisi və Avro-2020 oyunlarına ev sahibliyi edəcək. Narahatlıq doğuran məqamlardan biri ölkəmizə bu oyunlar çərçivəsində gələcək xarici qonaqlarla bağlıdır. Xüsusilə də dünyada koronavirusun müxtəlif ştammlarının, eləcə də virusun Hindistan variantının yayıldığı dönəmdə bu təşviş anlaşılandır. Bəs görəsən, tədbir öncəsi hansı qabaqlayıcı işlər görülür? Bu dönəmlərdə yoluxma sayı əvvəlki kimi arta bilərmi? Bu və digər suallarla bağlı ekspertlərin fikrini öyrəndik.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev

Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev mövcud vəziyyəti dəyərləndirib: "Yoluxma sayında azalma var. Havalar da isinməyə doğru gedir. Bunlar hamısı virusun öldürücülüyünə təsir göstərən amillərdir. Paralel olaraq vaksinasiya da aparılır. Get-gedə vaksin olunanların sayı artır. Buna görə yəqin ki, çox problem olmamalıdır.

O ki qaldı Bakıda təşkil olunacaq oyunlara, təbii ki, toplaşma yerlərində virusun artma ehtimalı hələ də var. Ona görə də bunun qarşısı alınmalı, buna müvafiq olaraq işlər görülməlidir. İnsanların çox sıxlaşmamasına nail olmaq lazımdır. Müəyyən şərait yaradılmalıdır. İnsanlar məhdud sayda buraxılmalıdır. İmkan daxilində sosial məsafə saxlanmalıdır".

Elçin Səfərov: Azərbaycanda yüksək könüllülük mədəniyyəti formalaşıb -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Səfərov

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) hüquq və maliyyə şöbəsinin rəhbəri Elçin Səfərov “Yeni Müsavat”a təşkil olunacaq oyunlar haqda məlumat verib: "İlk olaraq onu qeyd edim ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi bu il çox sadə yarış kimi keçirilir. Avropa şəhərlərində keçirilən versiyalarda tamaşaçıların iştirakı olmadan və əyləncə proqramı olmadan təşkil olunub. Burada yəqin ki, əsas məqsəd daha çox brodcast şirkətlərinin maraqlarını Azərbaycana yönəltmək, eyni zamanda sabitliyi nümayiş etdirməkdir. Çalışırıq ki, bütün qaydalara, müqavilənin bütün şərtlərinə əməl edək. Təbii ki, təhlükəsizlik qaydaları bizim üçün önəmlidir. Bu ilin şərtləri tamamilə yenidir. Ötən il, bundan əvvəlki il tam fərqli idi. Bu il tam qapalı şəraitdə bu oyunları keçirməyi planlaşdırırıq".

E.Səfərov koronavirusla bağlı təhlükəsizlik tədbirlərindən də danışıb: "Bu il işçilərin və könüllülərin sayı 70 faiz azaldılıb. Əvvəlki illərdə biz bulvardakı əməliyyatları idarə edirdik, bu il bulvar demək olar ki, açıq olacaq. Oturacaqlar arası məsafə bir metr, işçilərarasında məsafə iki metr olacaq. Ümumiyyətlə, kütləvi yığıncaq yeri yoxdur".

BŞH rəsmisi onu da əlavə edib ki, ölkəmizə gələcək əcnəbi qonaqların infeksiya mənbəyi olmaları ehtimalı sıfırdır: "Azərbaycana gələnlər yalnız idmançılar və beynəlxalq media nümayəndələri olacaq. Onlar nəinki təyyarəyə minmədən testdən keçiriləcəklər, burada da hər iki gündən bir yoxlanılacaqlar. Xüsusi şirkətlə müqavilə imzalanıb, burada daxildə yoxlamalar, müayinələr aparılacaq. Bu prosedur beynəlxalq oyunlarda necə nəzərdə tutulubsa, bizdə də o cür keçiriləcək. 30-40 nəfərin bir yerdə olması mümkün olmayacaq".

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti