“Oyunlar maliyyə problemi səbəbindən göstərilmir”

23 May 2021 16:20 Problem 1 565
“Oyunlar maliyyə problemi səbəbindən göstərilmir”

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu İngiltərə premyer-liqasının oyunlarının ölkəmizdə yayınlanmamasıdı.

Sportinfo.az xəbər verir ki, “İdman TV” qarşılaşmaların videoyazısını tamaşaçılara təqdim edir.

Məsələ ilə bağlı redaksiyamıza məlumat daxil olub. Sən demə, telekanal rəhbərliyi yayın haqqını ödəməyib. Bu səbəbdən də “İdman TV”yə canlı yayınların siqnalları ötürülmür.

Problem hələ ki həll olunmayıb. Mənbəmizin iddiasına görə, premyer-liqanın cari mövsümünün qalan qarşılaşmaları canlı yayınla tamaşaçılara təqdim olunmayacaq.

Məsələyə aydınlıq gətirmək üçün “İdman TV”nin direktor müavini Rövşən Binnətli ilə əlaqə saxladıq (Futbol+). Tanınmış jurnalist problemin həlli istiqamətində çalışdıqlarını söylədi:

“Hazırda bu məsələ ilə bağlı problem yaşayırıq. Əlimizdən gələni edirik ki, operativ şəkildə narahatlığı aradan qaldıraq. Oyunlar maliyyə problemi səbəbindən göstərilmir. Bununla bağlı konkret informasiyam yoxdu. Hər bir qurumun maliyyə şöbəsi var və bu onlara aid kommersiya sirridi. Hamı bilir ki, premyer-liqa milli çempionatların şahıdı. Kim istəyər ki, həmin çempionatın yayın hüququ əlindən alınsın və ya oyunları tamaşaçılara təqdim etməsin?!

Yəni problemin nədən yarandığını dəqiq bilmirəm. Bəlkə kimsə istəyir ki, “İngiltərə premyer-liqasının yayınından imtina etmişik” deyim? Bunu demək üçün əsas olmalıdı. Yayına davam edib-etməyəcəyimizi də deyə bilmirəm.

Xahiş edirəm ki, həmkarlarımız məsələni ictimailəşdirəndə diqqətli olsunlar. Bir az səmimiyyətə inanmaq lazımdı. Bəli, etiraf edirəm ki, problem maliyyə ilə bağlıdı. Demirik ki, texniki məsələdi.

Amma maliyyə probleminin nə olduğunu da dəqiq bilməliyəm ki, ictimaiyyətə açıqlama verəm. Mən bu barədə dəqiq nəsə bilmirəm. Ümid edirəm ki, bayram günləri yekunlaşandan sonra hər şey aydın olacaq.

Əlbəttə, əsas məsələ bundan sonrakı dövr üçün əməkdaşlığın davam edib-etməməsidi. Kimsə indi deyəcək ki, Böyük Britaniyanın bayrama nə dəxli var? Amma yayını bizə Türkiyə şirkəti satır.

Onlarda da hazırda Ramazan bayramı ilə bağlı tətil olduğundan məsələni operativ şəkildə həll edə bilmədik. Özümüz də maraqlıyıq ki, problemi mümkün qədər tez yoluna qoyaq.

Hamıdan çox şəxsən mən bunu istəyirəm. Bu üzdən həm həmkarlardan, həm də tamaşaçılardan xahiş edirəm ki, bəzi nüansları anlayışla qarşılasınlar”.

Rövşən bəy problemin Az.TV-nin əvvəlki rəhbərliyindən qaynaqlanıb-qaynaqlamaması haqda da danışdı: “Bunu konkret demək də düzgün deyil. Ötən illərdən müəyyən boşluqlar olub. Həm premyer-liqanın, həm də bundesliqanın yayınının ödənişləri ilə bağlı müəyyən borclar bizim dövrümüzə gəlib çıxıb. Amma təkcə problem budu demək də düzgün deyil. Çünki bundan sonrakı dövrlərdə də ola bilsər ki, ödənişlərdə hansısa problem yaşansın. Bunun üçün müəyyən qrafik var. Ödənişlər məhz bu cədvələ uyğun həyata keçirilir. İndi ola bilər ki, hansısa nöqtədə qrafikə uyğun ödəniş olmayıb. Ya da məbləğ istənilən həddə olmaya bilər. Belə məsələlər var ki, mənə bəlli deyil”.

Telekanal rəsmisi mövsümün qalan matçlarının tamaşaçılara təqdim olunması üçün çalışdıqlarını dilə gətirdi: “Mövsümün sonunda bütün qarşılaşmalar eyni gündə və eyni saatda keçirilir. Biz ən yaxşı halda 2 oyunu tamaşaçılara təqdim edə bilərik. Hər halda, anlaşmazlıqları və ya problemlərin həllini tapsaq, yenə də həmin turların oyunlarını təqdim edəcəyik. Ancaq bu mayın 16-da, rəsmi iş başlayanda bəlli olacaq. Həmin vaxt, ola bilər ki, hər şeyə qəti şəkildə aydınlıq gəlsin. Amma yenə deyirəm, bizim üçün əsas məsələ Türkiyə şirkəti ilə əməkdaşlığın davam etməsidi. Mənim üçün indiki halda əsas məsələ budu. “İdman TV” olaraq İngiltərə premyer-liqasını növbəti mövsüm də yayınlamağı çox istəyirik. Amma məsələ elə nöqtəyə gəlib çıxa bilər ki, bu alınmasın. Onlar da borcları, ödənişlərdəki gecikmələri əsas gətirib, imtina edə bilərlər. Ümid edirəm ki, bütün məsələlər yaxın iki gündə aydınlaşar. Bundan sonra biz də ictimaiyyətə qəti şəkildə fikrimizi açıqlaya bilərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti