Vətənin dar günündə özünə gün ağlamaq cəhdi!

17 May 2021 20:40 Problem 1 514
Vətənin dar günündə özünə gün ağlamaq cəhdi!

Klublar Komitəsinin (KK) mayın 7-də keçirilən növbəti iclası əvvəlcədən anons edilməmişdi deyə, diqqət mərkəzindən kənarda qaldı.

Ertəsi AFFA Lisenziya Komissiyasının iclası gündəmi dəyişdi, bu arada futbol üzrə ölkə çempionatında 26-cı turun oyunları da oldu, beləcə KK yaddan çıxdı.

Daha çox klubun “həyatda olduğu” dönəmdə yaradılan və bir müddət ölkə futbolu ilə bağlı ən aktual məsələlərin müzakirə platformasına çevrilən KK get-gedə nüfuzunu itirməkdədi.

Bu qurumun Türkiyədəki Klublar Birliyinin analoquna çevriləcəyinə bəslədiyimiz ümidlər artıq havaya sovrulub. Təbii, bu həyatda heç nə səbəbsiz olmur.

KK ölkənin futbolsuz qaldığı, azarkeşlərin tribunaya həsrət qaldığı dönəmdə ağzına su alıb oturdu. Bu üzdən nəinki qış yuxusundan, hətta əbədi yuxudan ayılan qurumun budəfəki iclasda gündəmə hansısa yeni ideya və fikirlər atacağını gözləyirdim.

Amma iclasla bağlı xəbəri oxuyandan sonra hər şey aydın oldu. Bu iclasın məzmununu qısaca belə çatdırmaq olar: keçi can hayındadı, qəssab piy axtarır!

Adamlar Bakı Olimpiya Stadionuna ona görə toplaşıblar ki, gənc futbolçuların əsgərlik məsələsini müzakirə etsinlər. KK-nin sədri Riad Rəfiyev detalları açmasa da, müzakirəni zəruri edən səbəblər bəllidi.

Ermənistanla sərhəddə yeni hərbi hissələr yaradılır, müharibə adlı əjdaha üç min gəncimizi udub, son illərdə təbii artımın səviyyəsi də aşağı düşdüyündən ordunu canlı qüvvə ilə komplektləşdirmək baxımından müəyyən çətinliklər yaranıb.

Belədə çağırış planını doldurmaq zərurəti 18 yaşını tamamlayan hər bir vətən oğlunu əsgərliyə getməyə məcbur edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ucdantutma hamını çağırır ki, futbol klublarının kürkünə birə salan da budu.

7-8 yaş qrupu üzrə komanda quran peşəkar klubların hər biri vətənin çağırışına hay vermək, futbolçularının vətənə borcunu ödəməsindən qürur duymaq əvəzinə AFFA-nı da yardıma çağırmaqla futbolçularını məsuliyyətdən azad etmək istəyirlər.

Onların yığma üzvü olması da özünəməxsus bəhanə rolunu oynayır. Guya ölkəmizdə 17-18 yaşında parlayan, Avropa futbolunun ulduzuna çevrilən o qədər futbolçu var ki, hərbi xidmətə yollanan kimi itib-batacaqlar,

Azərbaycan futbolunun günəşi sönəcək. Özü də çoxbilmiş klub rəhbərləri bu məsələdə yığma kartından yararlanmaq fikrinə düşüblər. Ona görə ki, yığma həssas məsələdi, yuxarıda adı çəkilən xidmətin istənilən əməkdaşını “yığma, yığma” deməklə yoldan çıxarmaq olar.

Halbuki bu ölkədə futbolla az-çox maraqlanan hər kəs az qala bütün yaş qrupu üzrə yığmaların xalqa məyusluqdan başqa heç bir hiss yaşatmadığını çox gözəl anlayır.

Mən ölüm, yığma var ki, onun da adından yararlanıb, adamları çağırışdan yayındırırsız?

Əsgərlik məsələsi ilə bağlı altını cızmaq istədiyim başqa məqam da var. Lənətəgəlmiş, nifrət etdiyimiz ermənilərin onlarla, hətta bəlkə yüzlərlə idmançısı 44 günlük müharibədə ordumuza qarşı döyüşdü.

Adamlar başqasının torpağını qəsb etməkdən ötrü canlarından keçdilər, utanmadılar, çəkinmədilər, murdar qanları müqəddəs torpağımıza axdı.

Onların arasında futbolçu da var idi, cüdoçu da, başqa idman növünün təmsilçisi də. Bizdə isə bu gün klublar ordunun çağırışla bağlı çətin durumla üzləşməsini nəzərə almadan AFFA-nın köməyinə, yığma kartına bel bağlamaqla futbolçularını xidmətdən yayındırmağa çalışırlar.

İclasla bağlı yayılan xəbərdən belə aydın olur ki, klub nümayəndələri yaxınlarda yenidən bir araya gələcək, bu mövzuda mövqelərini dəqiqləşdirəcəklər.

Artıq güman etmək olar ki, sonda dövlət orqanlarına hansısa xahişlə üz tutacaqlar. Ölkə futbolunun durumu ilə bağlı onlarla məsələ bir kənarda qalacaq, klublar futbolçuları üçün güzəşt alacaqlar. Ya da ən azı buna cəhd edəcəklər.

Mənə elə gəlir ki, bu mövzuda müzakirə açmaq belə ayıbdı. Başqa vaxt olsaydı, bəlkə də klubları anlamaq olardı.

Amma vətənin yarasının qaysaqlamadığı, üç min şəhidin yerini doldurmaqda çətinlik çəkdiyimiz məqamda... Bunun adı nədi, görəsən? (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti