"Kəpəz" azarkeşlərinin komandadan narazılığı hər keçən gün daha da böyüyür.
Ardıcıl uğursuzluqlar onları təngə gətirib. Tək istəkləri isə baş məşqçi Yaşar Vahabzadənin istefa verməsidir.
Sportinfo.az-ın əldə etdiyi məlumata görə, azarkeşlər narazılıqların bildirmək üçün bu dəfə bazaya üz tutublar.
Belə ki, dünən çox sayda "Kəpəz" sevdalısı Gəncə stadionuna gedərək rəhbərliklə görüşmək istədiklərini bildiriblər. Gözlənilmədən stadion ərazisində polislər görünüb. Bu qarşılanma heç də təsadüfi olmayıb. Sən demə rəhbərliyin çağrışı ilə polislər ora gəlib.
Yalnız bunda sonra "Kəpəz"in icraçı direktoru İlqar Nadiri azarkeşlərin qarşısına çıxıb. Söhbət əsnasında azarkeşlər israrla rəhbərlikdən Yaşar Vahabzadənin də bura gəlib izahat verməsini tələb ediblər.
Həmin vaxt bazada olan komandanın baş məşqçisi Yaşar Vahabzadə isə azarkeşlərin görüşmək istəyini rədd edərək, onların yanına gəlməkdən boyun qaçırıb.
Vəziyyəti belə görən fanatlar Vahabzadənin bu hərəkətini hörmətsizlik kimi qəbul ediblər. Rəhbərliyə Yaşar Vahabzadənin istefa üçün birinci günə kimi vaxt verilib. Əks halda etirazların daha da böyüyəcəyi bildirilib.

