Obradoviçin iddiasına cavab gəldi: "Yerli məşqçi olsaydı, özü ilə..."

19 Aprel 2021 17:40 Problem 1 300
Obradoviçin iddiasına cavab gəldi: "Yerli məşqçi olsaydı, özü ilə..."

"Düşünürəm ki, klubu ona çox böyük basqı edib ki, millinin düşərgəsini tərk etsin".

Bu iddia ilə U-21-in baş məşqçisi Milan Obradoviç "Turan Tovuz"un futbolçusu Elçin Qasımovun millidən ayrıldıqdan sonra klubu ilə yoldaşlıq görüşünə çıxması haqqında danışarkən çıxış edib.

Görəsən, həqiqətən futbolçuya klubundan basqı olunub? "Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev iddia ilə bağlı Sportinfo.az-a danışıb:

"Bu məsələni araşdırmaq üçün Elçin Qasımovla danışmışam. Sadəcə anlaşılmazlıq olub. Klub tərəfindən heç bir təzyiq olmayıb. Obradoviç təzyiq elədiyimizi deyib. Biz ona nəyə təzyiq edək ki? Onun bizim yoldaşlıq oyunumuzda çıxış eləməsi vacib deyildi. Zədəsini sağaldıb çempionat görüşlərini hazır olmasını istərdik.

Kimsə ona deməyib ki, kluba gəlməlisən. Uşağın öz problemi olub. Anasının əməliyyatı olduğu üçün millidən icazə alıb. Həm də ayağında zədə olub.

Millidən ayrılandan sonra bir neçə gün bizdə də məşq eləmədi. Sonra dedi ki, özümü yaxşı hiss edirəm. Oyunumuz olduğunu biləndə oynamağa da hazır olduğunu bildirdi.

29-u milli komandanın toplanışı başa çatırdı. Bir günə görə yenidən milliyə qayıtmasına ehtiyac olmadığını fikirləşib. Düzü, bizə də icazə almasını deməmişdi. Fərdi məşq elədiyini bildirmişdi. Amma ailədə olan problemi bilirdik".

Yadullayev yetirməsinin nizam-intizamından ağızdolusu danışıb: "Elçini "Turan - Tovuz"a gəlmədən öncə "Keşlə"də işləyəndən tanıyıram.

O vaxtdan onu çox bəyənirdim. Çox istedadlı futbolçudur. Sonra qismət oldu burda da bir yerdə işləyirik. Milli komandaya daim çağrılır.

Samir müəllim (U-17-nin baş məşqçisi) və köməkçilər ilə davamlı əlaqə saxlayıram. Ondan heç vaxt narazıçılıq olmayıb.

Canla-başla məşqlərdə iştirak edib. Barəsində heç vaxt neqativ hal olmayıb. Sadəcə, xoşagəlməz hal indi yaşandı.

Özü ilə danışanda da bildirdi ki, fikrim millidən çıxıb bura gəlmək olmayıb. Ailə probleminə görə gəlmişəm. Həm də ayağımda zədə vardı".

Gənc mütəxəssis bu hadisədən sonra Elçinin yenidən milli komandaya dəvət almaq perespektivindən də danışıb:

"U-21 millimizin baş məşqçisi yerli olsaydı, şəxsən özü ilə danışardım. Amma Obradoviçlə telefon əlaqəsi yarada bilmərəm. Çünki arada dil məsələsi var.

Çox istərdim ki, Elçinə yenidən şans verilsin. Ola bilər səhv edib və ya fikrini düz başa salmayıb. Anası əməliyyat olub. Bəlkə də bir az fikirli olub.

Bu günə kimi onunla bağlı heç bir problem olmayıb. Milli komandaya kömək edə biləcək futbolçudur. Çox təəssüf ki, belə hal yaşanıb.

Milli hər zaman önəmli olub. Ora düşmək çətindir. Düşəndə də gərək iki əlli yapışasan. İstəyərdim ki, yenidən şans verilsin. Şans verilsə, ümidvaram ki, lazım olan tələbləri yerinə yetirəcək".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu