”Mən futbolçularımızın milliyə getməsinin əleyhinə deyiləm”

16 Aprel 2021 16:00 Problem 568
”Mən futbolçularımızın milliyə getməsinin əleyhinə deyiləm”

U-21-in baş məşqçisi Milan Obradoviç bir sıra klublardan narazlıq edib.

Serbiyalı mütəxəssis ən çox I Divizion təmsilçilərindən şikayətlənib:

“Bəzən o komandalardan mənə zənglər gəlir ki, onların milliyə dəvət etdiyim futbolçularını geri verim. Digərləri isə narazılıq edir ki, niyə klubumdan oyunçu çağırmırsan?

Və ya bəziləri şikayət edir ki, niyə 10 futbolçumu milliyə dəvət etmisən? Bunu heç vaxt anlaya bilməyəcəm. Belə şeyləri heç vaxt dəstəkləmirəm və qəbul etmirəm.

Serbiyada da məşqçi, millinin çalışdırıcısı da olmuşam, indi də Azərbaycan üçün çalışıram. Amma heç vaxt belə şey görməmişəm.

Karyeram ərzində belə şeylərə heç vaxt fikir verməmişəm və bir daha bu cür hadisələrin yaşanmasına razı olmayacam. Oyunçu xoşuma gəlirsə, onu milliyə layiq bilirəmsə, dəvət edəcəm.

Yığmaya çağrılmaq hər futbolçu üçün qürur olmalıdır. Klublar da bunu mütləq anlamalıdılar. Birinci divizion U-21 yığmasının əsas bazasıdır. Burada çıxış edən istənilən futbolçunu yığmaya dəvət edə bilərəm”.

”Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov Sportinfo.az-a açıqlamasında serb həmkarının iddiasına münasibət bildirib:

”Mən futbolçularımızın milliyə getməsinin əleyhinə deyiləm. Əksinə, daha da sevinirəm. Bu dəfə bizdən 5 nəfər çağırılmışdı.

İsmayıl və Əlirza kimi daha iki-üç nəfər var ki, onların da çağırılmasını gözləyirdim. Mən bu barədə fikrimi millinin məşqçilərinə də demişəm. Hamısı oynayan uşaqlardır.

«Neftçi»nin əvəzedici komandasından yığmaya nə qədər çox futbolçu lazım olarsa, bu, bizi daha da şad edər, çünki çəkdiyimiz əziyyət hədər getməz.

İndi mən bilmirəm Obradoviç hansı məşqçiləri nəzərdə tutub. Hər halda o söz bizə aid deyil”.

Digər Xəbərlər
Xəbər Lenti