Qarabağda silahlı quldurlar qaldıqca... Bakıya qarşı “sualtı daşlar”

14 Aprel 2021 02:00 Problem 1 273
Qarabağda silahlı quldurlar qaldıqca... Bakıya qarşı “sualtı daşlar”

İkinci Qarabağ müharibəsindən aylar ötdükcə bu müharibədə qazandığımız möhtəşəm zəfərin önəmi daha qabarıq görünür.

Xalq olaraq qəddimizi dikəldən, milli qürurumuzu qaytaran bu tarixi qələbənin nəticələrini təbii ki, göz bəbəyi kimi qorumalı, Ermənistana bir daha toparlanıb üstümüzə gəlməsinə zərrəcə şans və fürsət tanımamalıyıq.

Bundan ötrü, əlbəttə ki, iqtisadi və hərbi qüdrətimizi daima artırmalı, bölgədə kommunikasiyalar açılsa belə, Ermənistanın bizimlə nə iqtisadi, nə də ələlxüsus hərbi sferalarda ayaqlaşmasına imkan verməməliyik. Bu, heç mümkün də deyil. Ən əsası, məğlub ölkənin iqtisadi-maliyyə, biznes-sərmayə cəhətdən özümüzdən, qardaş Türkiyədən asılı duruma düşməsini bacarmalıyıq. Yalnız o halda, yəni Ermənistan logistik, nəqliyyat, iqtisadi-ticari, investisiya baxımından xeyli dərəcədə Azərbaycan və Türkiyəyə bağlandıqda bölgədə müharibə riski aradan qalxmış sayılmış olacaq.

*****

Proseslər hələ ki yavaş sürətlə də olsa, buna yön alıb. Hərçənd Bakıya qarşı “sualtı daşlar” yox deyil. Və bu “daşlar” təkcə yaxından yox, kifayət qədər uzadan, bölgədə Ermənistanın iştirakçı olacağı böyük barışığı, inkişafı, inteqrasiyanı istəməyənlər tərəfindən gətirilib.

Sözsüz ki, Ermənistanın özündə canı çıxmaqda olan revanşist-radikal qüvvələri, daha doğrusu, onların miskin qalıqlarını da sülh və sabitlik, əməkdaşlıq və əlaqələrin bərpası düşündürmür. Halbuki bu dəqiqə müharibənin “M”sı belə Ermənistana yeni böyük fəlakət vəd edir. Müharibədən, qisasdan danışmalı ən axırıncı ölkə Ermənistan olmalıdır.

Bütün hallarda Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söylədiyi kimi, Bakı Ermənistanda gedən prosesləri diqqətdə saxlayır və saxlayacaq. Bu, o deməkdir ki, Azərbaycan oradakı situasiyaya adekvat qərarlar verəcək. Onların arasında seçki prosesi də var. Əgər İrəvanda sülh ovqatı güclü olarsa, onlara sülh əlimizi uzadacağıq, müharibə ritorikası baş qaldırarsa, “dəmir yumruğumuzu” görəcəklər. İqtidarda kim olur-olsun...

*****

“Hazırda Qarabağda hərbi əməliyyatların bərpası riski hazırda minimumdur, ancaq ”sualtı daşlar" var".

Ekspert Stanislav Pritçin:

Bunu Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib (APA). O, Qarabağla bağlı fors-major vəziyyəti istisna eləməyib: “Ümumilikdə geosiyasi güclər, hərbi-strateji, diplomatik, beynəlxalq-hüquqi vəziyyət əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır”.

Analitikə görə, optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. “Bəli, bu gün bu bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”, - deyə o qeyd edib.

Bu xüsusda politoloq hesab edir ki, Ermənistanın keçmiş prezidenti, Xocalı canisi Robert Köçəryan hakimiyyətə gələrsə, Qarabağ münaqişəsinin həllində vəziyyət dəyişə bilər: “Lakin Moskva mövcud vəziyyətin qorunub saxlanılmasında maraqlıdır. Əgər bir-iki ay əvvəl bütün rəy sorğuları Paşinyanın mütləq qalib gəldiyini göstərirdisə, indi Köçəryanın da dəstəyə malik olduğu üzə çıxır. Aydındır ki, hər şey səsvermə nəticələrində özünü göstərəcək. Lakin onun (Köçəryanın - red.) şansı var. Və o zaman Qarabağ nizamlanması ətrafında tamamilə fərqli bir vəziyyət olacaq. Ancaq hər halda, Rusiyanın vasitəçiliyi və sülhməramlı kontingenti pozitiv rol oynayacaq, çünki vəziyyəti qorumaq marağı var”.

Qarabağ quldurlardan, kukla

Politoloqun fikrincə, Qarabağla bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinin konkret nəticələri barədə məlumatın olmaması vəziyyətin heç də fəlakətli olması anlamına gəlmir. “Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin də dediyi kimi, layihələrin ətraflı müzakirəsi gedir. Bir sıra layihələrlə bağlı müsbət rəylər və maraq var. Məlumatın ictimaiyyətə açıqlanmasının vaxtı hələ gəlməyib. Hazırda Ermənistanda seçkiqabağı durumdur və hər hansı bir ehtiyatsız bəyanat mənfi nəticə doğura bilər. Üçtərəfli işçi qrupu onsuz da öz fəaliyyətini davam etdirir və nəticəyə ümidlər var”, - ekspert əlavə edib.

*****

Lakin bölgədə davamlı sülh, barışıq və inkişaf öncəliklə ərazimizdəki erməni işğalçı qoşunların qalıqlarının tam və qeyd-şərtsiz çıxarılmasından keçir. Bakıya qarşı ən böyük “sualtı daşlar”dan biri budur. Bu da bilavasitə Rusiya sülhməramlı kontingentinin, daha dəqiqi, Rusiyanın vəzifəsidir. Çünki bir dövlətin ərazisində iki ordu ola bilməz. Demək, digəri qanunsuz silahlı birləşmələrdir və onlar ya tərk-silah olunmalı, ya da könüllü şəkildə özünü buraxmalıdır.

Bölgədə sülh və əməkdaşlığın nə dərəcədə tez bərqərar ediləcəyi bu iki yoldan hansı birinin seçiləcəyindən birbaşa asılı olacaq...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"