Bu gün futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan yığmamız 3-cü qrupda ikinci matçına çıxacaq.
Qrupun lideri olan Joze Alesionun yetirmələri ardıcıl ikinci qələbə üçün Yunanıstanla üz-üzə gələcək. Slovakiya üzərində 4:1 hesablı qələbə qazanan millimiz bu dəfə də meydana favorit qismində çıxacaq.
İranlı legionerlər Əmir Şücai və Hadi Əhmədinin əvəzinə səfərə Oqtay Rüstəmli aparılıb. İranlı legionerlərin səfərə aparılmamasını oxu.az araşdırıb.
Məsələ burasındadır ki, Yunanıstan kimi Şengen vizası ilə giriş edilən ölkələrdə İrandan olan vətəndaşların girişinə “stop” qoyulub. Bu səbəbdən də onlara viza verilməyib.
2019-cu ilin oktyabrında futzal üzrə Azərbaycan çempionu “Araz” Belçikaya, ötən ilin noyabrında isə Yunanıstana Çempionlar Liqası oyunları üçün gedəndə iranlı legionerlərini apara bilməmişdi.
Birinci yarış üçün dörd, ikinci oyun üçün iki iranlı futbolçu viza üzündən Avropaya aparılmamışdı.

