“Məğlubiyyətin şokunu yaşayan xalq boş vədlərlə yedizdirilir”

1 Fevral 2021 12:34 Problem 792
“Məğlubiyyətin şokunu yaşayan xalq boş vədlərlə yedizdirilir”

“Hazırda Ermənistanın siyasi müstəvisində böhrandan çıxmağa hesablanmış ideyalar və proqramlar boşluğu var və bütün əsas aktyorlar populizmlə məşğuldur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan “Sputnik”ə söyləyib.

Onun sözlərinə görə, mövcud şəraitdə ölkədə erkən parlament seçkiləri yekun etibarilə keçirilməyə də bilər.

“Baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərin keçirilməsinə dair müzakirələrə başlamaq təklifi “qazanın” buxarını azca buraxmaq və cəmiyyətdəki gərginliyi azaltmaq məqsədi güdə bilər.

Əgər ehtiraslar səngisə, o zaman hakimiyyət artıq yeni seçkilərə ehtiyac olmadığını və növbəti seçkilər dövrünədək gözləmək lazım olduğunu bəyan edəcək”, - deyə o qeyd edib.

Baqdasaryan hesab edir ki, Paşinyan bütün mümkün metodlarla hakimiyyəti əlində saxlamağa çalışacaq. Onun ehtimalına görə, baş nazirin öz postundan getmək istəməməsinin səbəblərindən biri özü ilə bağlı cinayət təqibi qorxusu ilə bağlıdır.

Müxalifətdəki vəziyyətdən danışan erməni ekspert deyir ki, orada da hər şey rəvan deyil: “Ermənistanın ikinci prezidenti Robert Köçəryanın seçkilərdə iştirak edəcəyi haqda qərarı, - əlbəttə ki, əgər seçkilər baş tutacaqsa, - onun partiyasi ilə müstəqil Ermənistanın ilk baş naziri olmuş Vazgen Manukyanı keçid hökumətinin başçısı qismində irəli sürən “format 17” arasında ziddiyyətlərə dəlalət edir. Köçəryan vaxtaşırı bu formatı dəstəkləyib. Lakin yanvarın 27-də erkən seçkilərdə komandası ilə iştirak edəcəyini bildirdi. Öz növbəsində Manukyan Paşinyanın başlatdığı seçki proseslərində iştirak etməyəcəyini söyləyib. Yəni biz müxalifət daxilində sonrakı addımlarla əlaqədar vahid bir yanaşmanın olmadığını görürük. Yalnız baş nazirin getməli olması haqda yekdil anlayış mövcuddur”.

Baqdasaryan daha sonra ölkədəki siyasi aktyorların heç birinin böhrandan çıxmaq, iqtisadiyyat və təhlükəsizlik problemlərini həll etmək üçün konkret reseptlər təklif etməyə tələsməməsinə diqqət çəkib. “Onları birləşdirən tək şey - hakimiyyəti ələ keçirmək istəyidir. Əgər yaxın gələcəkdə seçkilər qəfildən keçirilsə, bütün bu partiyalar aydın bir fəaliyyət proqramı və yol xəritəsi təqdim etməli, yığılmış problemləri hansı kadrlarla və hansı üsullarla həll edəcəklərini açıq söyləməlidirlər. Bu baxımdan seçkilər vacibdir, çünki siyasi oyunçuları praqmatik müstəviyə qayıtmağa məcbur edəcək və bir-birlərinə çirkab atmaq əvəzinə, mövcud böhranlı vəziyyətdən çıxış yollarını göstərməli olacaqlar” – politoloq vurğulayıb.

Baqdasaryan əmindir: “Ermənistanın yeni siyasi qüvvələrə ümumiyyətlə, ehtiyacı yoxdur. Mövcud partiyalar isə yeni vəziyyətə uyğunlaşmalı, təzə proqramların təşəbbüskarı, yeni ideyaların generatoru olmalıdır. Bütün bunlar da son nəticədə dövlətin inkişaf strategiyasının hazırlanmasına yönəldilməlidir”.

Erməni ekspertin qənaətincə, sadalanan bütün partiyalar yaranmış vakuumu, ideya və yanaşma qıtlığının mövcudluğunu başa düşürlər. Ancaq seçkiqabağı kampaniyanın startı faktiki verildiyi üçün asan yolu - populizm və boş vədlər yolunu seçiblər. Depressiyaya uğrayan, hərbi məğlubiyyətin şokunu yaşayan bir cəmiyyəti boş vədlərlə yemləmək əlbəttə ki, ən asandır”, - deyə o sonda əlavə edib.

İş də ondadır ki, Armen Baqdasaryanın müxalifətlı bağlı sadaladığı sərt reallıqlar və ciddi çatışmazlıqları erməni xalqı da görür, bilir. Eyni zamanda, sabiq prezident və korrupsioner,

keçmiş xunta rejiminin rəhbəri Robert Köçəryanın və bütövlükdə Qarabağ klanının hakimiyyətə can atmasının da yaxşı fərqindədir. Odur ki, Nikol Paşinyanı yola salmağa tələsmir, “İstefa” tələblərinə gərəkən dəstəyi vermir. Qısası, iki “ən pis”dən ən yaxşısı məsələsi...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti