"Ailəmizin maddi vəziyyəti yaxşı deyil" - FOTOLAR

25 Yanvar 13:50 Problem 1 094
"Ailəmizin  maddi vəziyyəti yaxşı deyil" - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Vətən müharibəsində yaralanmış qazilərdən biri də 22 yaşlı Valeh İsayevdir.

V. İsayev 4 aydır ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır.

Onurğa sütunu zədələndiyindən boynundan aşağı bədən üzvlərini hərəkət etdirə bilmir. Qazimiz döyüşlərə sentyabrın 29-da könüllü olaraq qatılıb. O, oktyabrın 19-da Cəbrayıl rayonunda yaralanıb.

V. İsayevin bacısı Nigar İsayeva “qafqazinfo”ya bildirib ki, qardaşı bu il universitetə qəbul olunsa da, könüllü olaraq müharibəyə getməyi seçib: “Xocavənd, Füzuli və Cəbrayıl döyüşlərində iştirak edib. Oktyabrın 19-da düşmənin atdığı iki snayper gülləsindən yaralanıb. 7 saat yaralı vəziyyətdə qalandan sonra yoldaşları onu tapıb. 12 nəfər heyətlə 100-ə yaxın erməninin mühasirəsinə düşüb.

Ciyərində problem olduğu üçün boğazını deşiblər, ona görə də səsi çıxmır. Ancaq aparat çıxarılanda danışa bilir. Əllərində əvvəldən hərəkət var, ancaq əsir. Bilirik ki, onun xəstəliyinin Azərbaycanda tam müalicəsi yoxdur. Həkimlər də bizə nə zaman düzələ biləcəyi barədə məlumat vermirlər. 4 aydır ki, yataq xəstəsidir. Ona görə də ailəmiz istəyir ki, Valeh müalicə olunmaq üçün xaricə göndərilsin. Türkiyənin Gülhanə xəstəxanası da bu sahədə yaxşı xəstəxanalardan biridir. Həkimlər onu xaricə göndərmək üçün rəy verməlidirlər. YAŞAT Fonduna da bu barədə müraciət etmişik. Onlar bildirirlər ki, qardaşımın səhhəti nəzarətlərindədir.

Biz ailədə 3 övladıq. Məndən başqa, iki qardaşım var. Atam II qrup əlildir. Anam isə epilepsiya xəstəsidir. Böyük qardaşım müəllim işləyir. Ailəmizin maddi vəziyyəti yaxşı deyil. Tezliklə qardaşımın sağalması üçün xaricə göndərilməsini istəyirik”.

Qazinin ailəsinin müraciətiylə bağlı YAŞAT Fonduyla əlaqə saxladıq. Fonddan bildirilib ki, müraciət daxil olan kimi İsayev Valehin özü ilə görüşülüb, onun müraciəti qeydə alınıb: "Ailənin qərarına uyğun xəstənin hansı xəstəxanaya yerləşdirilməsi barədə istək bildirilməli, bu barədə həm hazırda müalicə aldığı xəstəxananın rəyi olmalı, həm də müalicəni davam etdirmək istədiyi xəstəxananın razılığı olmalıdır. Xəstənin müalicəsinin hansı müəssisədə davam etdirməsi məsələsi Fondun səlahiyyətləri çərçivəsində deyil".

Qeyd edilib ki, Fond Valehin müalicə xərclərini öhdəsinə götürməyə hazırdır.

Günel Türksoy


Digər Xəbərlər
Xəbər Lenti