Azərbaycan millisinin yarımmüdafiəçi Araz Abdullayevin çıxış etdiyi "Boluspor" problemlə üzləşib.
I liqa təmsilçisinə transfer qadağası qoyula bilər.
Buna səbəb Bolu klubunun sabiq futbolçularına olan borcudur. Adı açıqlanmayan oyunçuların Türkiyə Futbol Federasiyasına şikayətindən sonra onlara sanksiya tətbiq ediləcəyi gözlənilir.
Araz Abdullayev 2020-ci ilin sentyabrında "Boluspor"la 1+1 illik müqavilə imzalayıb. "Qarabağ"dan ayrılandan bir xeyli sonra qardaş ölkədə özünə komanda tapan yarımmüdafiəçi burada özünü rahat hiss etmir.
"Boluspor" onu sonradan Super Liqaya baha qiymətə satmaq ümidi ilə transfer edib, gəl ki, yığmamızıın üzvü əsas heyətə düşməkdə çətinlik çəkir.
Çox vaxt meydana sonradan daxil olan Abdullayevə maddi sıxıntılar da az əziyyət vermir. Bolunun eyniadlı təmsilçisi futbolçumuz qarşısında götürdüyü maliyyə öhdəliyini vaxtlı-vaxtında yerinə yetirə bilmir.
Maaş ödəmələri 2-3 aydan tez həyata keçirilmir, onda da tam yox. Futbolçulardan bəzisinə əməkhaqqının yarısını, bəzisinə isə cüzi hissəsi verilir.
SPORTİNFO.AZ

