"AFFA rəhbərliyi onun məsələsinə həssas yanaşmalıdır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol eksperti Emin Abbasov deyib.
Vaxtilə "Qarabağ", "Xəzər" və "Sabah"dakı fəaliyyəti ilə öz statusunu doğruldan keçmiş funksioner ömürlük futboldan uzaqlaşdırılan Ağakişi Mehdizadənin durumu haqda fikirlərini bildirib.
E.Abbasov "Neftçi"nin sabiq məşqçisinin federasiya tərəfindən bağışlanmalı olduğunu söyləyib:
"Bu adam qazidir, Vətən Müharibəsində iştirak eləyib. Şəhid də ola bilərdi, amma taleyində yaşamaq varmış. İndi onun gələcək müqəddəratı həll olunmalıdır.
Belə savadlı mütəxəssisin öz peşəsindən uzaq düşməsi yaxşı hal deyil. Ona yardım eləmək lazımdır. Əslində, Ağakişinin futboldan ömürlük uzaqlaşdırılması başdan yanlış verilmiş qərar idi.
Məsələni o vaxt prokurorluq da araşdırmış və heç bir nöqsan aşkar eləməmişdi. Hətta bildiyim qədərilə, Ağakişinin bu gün gedib xarici ölkələrin birində futbol sahəsində çalışmasına heç bir əngəl yoxdur.
Mənə elə gəlir ki, onun məsələsi o vaxt da obyektiv araşdırılmamışdı. Səhvi var idi, amma futboldan ömürlük uzaqlaşdırılacaq qədər yox.
Mətbuatdan oxumuşam ki, Ağakişi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova əfv olunması ilə bağlı müraciət eləyib. Əgər cavab gəlməsə, daha yuxarı instansiyalara müraciət eləsin, məncə.
Bilirik ki, hətta cinayət törətmiş, ciddi nöqsanları olan şəxslər də Vətən Müharibəsindəki xidmətlərinə görə ölkə rəhbərliyi tərəfindən qiymətləndiriliblər.
Bu illər ərzində oyun alqı-satqısı ittihamı ilə AFFA-dan qovulmuş insanların sonradan geri qaytarılmasından tutmuş, futbolumuzda "işlər" çevirən adamların necə himayə olunmasına qədər çox şey görmüşük.
Sadəcə, həmin adamlarla müqayisədəAğakişi sıradan insandır - ailəsinə çörək aparmaq "peşində" olan adam. Ona görə də onun məsələsində səlahiyyəti olanlardan heç kim məsuliyyəti üzərinə götürüb, Mehdiyevə arxa durmaq istəmir".

