Yerli futbolçularımızın ölkə xaricinə çıxa bilməməsi futbolumuzun daha çox müzakirə olunan bəlalarından biridir. Adətən yeri futbolçularımız bunu yaxşı menecerlərimizin olmaması ilə əlaqələndirir. Tutaq ki, yaxşı menecerlərimiz yoxdur. Bəs ölkəmizdə çalışan Yuri Syomin, Roman Qriqorçuk, Vinfrid Şefer kimi əcnəbilər buradan ayrılandan sonra özlərilə bir yerli futbolçunu belə aparmamasının günahkarı kimdir?
Sportinfo.az bu suala cavab tapmaq üçün üz tutub azərbaycanlı futbol menecerlerinə.
Səbuhi Səfiyarlı: "Menecer boş söhbətdi. Çox sadə səbəbi var: Xaricdə oynamağa layiq futbolçumuz yoxdu, ona görə də oynamırlar. Qalan iddialar mənasızdı. "Oynamaga layiq olmayan" deyəndə təkcə futbolçu keyfiyyətini nəzərdə tutmuram. Tam yetkin futbolçu olmaq üçün bir neçə meyar var və bunlardan biri olmayanda özünü hardasa göstərir. Hamı bilir ki, xaricə yollanmış bir neçə futbolçumuz olub, yəni menecerler öz işlərini görüb. Amma futbolçunun orda qalıb oynaması artiq onun uzərinə düşən işdi ki, bunun da öhdəsindən heç biri gələ bilməyib. Biri xaricdə tək qala bilməyib, biri ordakı fiziki yuklənməyə dözə bilməyib, biri psixoloji testdən keçə bilməyib, biri bir oyun ehtiyatda oturan kimi başlayıb qaş-qabağını salıb məşqləri yola verməyə ve s. Bizim futbol məktəblərimiz hələ Avropada yaşamağa və oynamağa hazır olan futbolçu tipi yetişdirə bilməyib. Bunun üçün federasiya bir neçə illik xüsusi plan-proqram işləyib hazırlamalı ve həyata keçirməlidi. Hətta o plan işlənməsə belə, başqa plan işlənməllidi və beləliklə bizə uyğun variant tapılmalıdır. Amma federasiya gedib turkiyədən, irandan, dağıstandan ad-soyadı oxşayanları böyük maliyyə qarşılığında gətirir yığma komandalara və bununla guya vəziyətdən çıxır".
Bəxtiyar Musayev: "Baş məşqçiyə verilən səlahiyyət də önəmlidir. Elə klublar var ki, orda skaut sistemi var və futbolçuları onlar gətirib baş məşqçiyə təqdim edirlər. Hər halda baş məşqçinin də səlahiyyətləri olur. Onlar da yəqin ki, gözəgəlimlisi olsa istəyərdilər. Tək-tük sayda da olsa yaxşı uşaqlar var. Maraqlı olmayıb, deməli. Bəlkə, bəyəndiyi yerli futbolçumuzun olduğu mövqeyə daha yaxşı futbolçusu olub. Bu məsələlər də ola bilər. İldən-ilə yaxşı futbolçularımız azalır. Çıraqla axtarılacaq dərəcədə azdır. Seçim də çox deyil. Əlbəttə, könül istərdi ki, burdan daha yaxşı çempionatlarda çıxış etsinlər".
Tural Əsgərov: "Buna konkret cavab vermək olmaz. Səbəblər çoxdur. Biri səviyyədir, ikinci maliyyə şərtləridi, üçüncü mentalitet məsələləridi, dördüncüsü top agentlərimiz yoxdur. Necə ki, elə futbolçumuz da yoxdur. Səviyyəli futbolçuların sayı azdı. Onların da yaxşı müqavilələri var. Kənara getmələrinə ehtiyac yoxdur. Bütün bunların təsiri var".

