"Premyer Liqa klubları bu şansdan da məhrum olacaq"

1 Yanvar 2021 13:20 Problem 1 275
"Premyer Liqa klubları bu şansdan da məhrum olacaq"

Sportinfo.az xəbər verir ki, qış fasiləsinə yollanan Premyer Liqa təmsilçiləri yanvarın əvvəlində bir araya gələcək.

Klublar əvvəlki illərdən fərqli təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxmayacaq.

Bu və başqa məqamlarla bağlı Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevlə danışdıq.

- Qısa fasilədən sonra premyer-liqa davam etdirildi və qış fasiləsi başladı. Çempionatın və klubların hazırkı durumu ilə bağlı nə düşünürsüz?
- Pandemiya ilə bağlı məlum çətinliklər yarandı. Bu gün vacib məsələ çempionatın yox, futbolçuların vəziyyətidi. Hazırda klubların tutduqları yerlər üzrə səviyyələrinə görə qiymət vermək çətindi. Elə klublar var ki, 5-6 futbolçudan məhrumdu. Elə komanda var ki, bəzi futbolçuları ideal formadan uzaqdı. Bu mənada komandaların hazırkı güclərinə və turnir cədvəlindəki mövqelərinə qiymət vermək çətindi. Bəzən futbolçular bu gün oynayır, sabah sıradan çıxır. Bu da məşqçi üçün çətindi, əlavə yükdü. Bilirsiz ki, bizim klublarda ehtiyat skamya geniş deyil. Əsas heyət üzvlərinin yerini tuta biləcək futbolçular, demək olar ki, olmur. Bu üzdən bir az qarışıq vəziyyətdi. Klubların konkret gücünü bilmirik. “Neftçi”nin lider olmasına, “Qarabağ”ın bir oyun az keçirməsinə baxmayaraq, ondan çox geri qalmaması, “Zirə”nin uğurlu çıxışı çempionatda rəqabəti artırır. Digər komandalar arasında da böyük fərq yoxdu. Sonuncu pillədə olan komandayla 4-cü pillədə yer alan arasında xal fərqi çox azdı. İlk “3-lüy”ə düşmək üçün ardıcıl iki-üç oyunda qalib gəlmək kifayətdi. Hazırda çempionatda liderlər və autsayderlər anlayışı yoxdu. Hər bir çempionatda komandalar üç yerə bölünür: liderlər, ortabablar və autsayderlər. İndi bizim çempionatda orta səviyyəli komandalar yoxdu, son pillədə olanlar da ilk yerlər uğrunda mübarizə apara bilər. Məncə, qış fasiləsindən sonra komandalar öz sabit oyunlarını tapacaqlar və daha yaxşı nəticələr olacaq.

- Koronavirusun ötən mövsümə təsiri bəllidi, çempionat yarımçıq dayandırıldı. Son iki ayda da təqvimə böyük təsir göstərdi. Koronavirusun çempionatın qalan hissəsinə mümkün təsirini necə qiymətləndirirsiz?
- Ötən mövsüm çempionatın dayandırıldığı vəziyyəti və son iki aydakı durumu müqayisə etsək, görərik ki, indiki dövr daha çətindi. Elə klublar var ki, 10-12 futbolçusu koronavirussa yoluxdu. İndiki halda PFL və klublar birləşib 2 turu keçirə bildilərsə, məncə, artıq çətin vəziyyət geridə qaldı. Ötən mövsüm durum çox asan idi. Mənə elə gəlir ki, onda çempionatı davam etdirmək olardı. Bir məsələ də var ki, biz UEFA-ya bağlı çempionatıq. UEFA bayrağı altında keçirilən yarışlar davam edirsə, biz də davam etməliyik. Ötən mövsümdə belə çempionatı davam etdirən ölkələr oldu. UEFA-ya daxil olan ölkələr bir ailə kimi birləşib bu vəziyyətdən çıxırlar. Biz elə çətin vəziyyətdə çempionatı davam etdirdiksə, məncə, mövsümün qalan hissəsi üçün problem olmayacaq. Çempionat mövsümün sonunadək nəzərdə tutulduğu kimi davam edəcək. Qış fasiləsindən sonra avrokubok oyunları, daha sonra isə AÇ-2020-nin görüşləri keçiriləcək. Qarşılaşmalar, turnirlər çoxdu. Çempionatı keçirməsək, ya oyunları təxirə salsaq, hamımız üçün çox çətin olacaq. Fikrimcə, vəziyyət yaxşıya doğru dəyişəcək, həm çempionat, həm də pandemiya baxımından. Artıq fevral-mart aylarında virusun bitəcəyinə ümid edirəm. Virusun ümumi təsiri isə, məncə, daha az olacaq. Çətin günlər geridə qaldı.

- Övladlarınız da virusa yoluxmuşdu. Onlar xəstəliyə necə qalib gəldi?
- Onlarda xəstəlik çox çətin keçmədi. Demək olar ki, simptomsuz, yüngül keçirdilər. Amma qayda var, istənilən halda 14 gün karantində qalmaları vacib idi. Digər futbolçuları, şəxsləri yoluxdurmamaq üçün bu vacib idi. Ona görə karantində qaldılar və sonra yenidən testdən keçdilər.

- Yəqin mövcud vəziyyət milli komandaya, yığma üzvlərinin çıxışına da təsir göstərəcək. Necə düşünürsüz, yığma DÇ-2022-nin seçmə mərhələsinə necə start verəcək?
- İndiki vəziyyətdə hər nüans bir-biri ilə bağlıdı. Ola bilməz ki, çempionatda hər şey ürəyimizcə olsun, amma millinin oyunlarında bu görünməsin. Çempionatda oynayan yerli futbolçular həm də milli üzvləri deməkdi. Yenə deyirəm, çox çətindi. Millidə də seçim imkanımız geniş deyil. Bir neçə əsas heyət üzvünün yoxluğu millidə sistemin pozulmasına səbəb olur. Ümid edirəm ki, bütün çətinliklərimiz 2020-ci ildə qalacaq. Demək olar ki, futbolçuların 60-70 faizi koronavirusa yoluxub. Yoluxan şəxslərin də yenidən yoluxma şansı azdı. Yəni bizi təhlükə çox az gözləyir. Daha əvvəl futbolçularımızdan səfərdə koronavirusa yoluxan və fərqli ölkələrdə qalanlar olmuşdu. Artıq onların xəstəliyə qarşı immunitetləri var, daha güclü və sağlamdılar. Məncə, koronavirusla bağlı millini böyük təhlükə gözləmir.

- Bəs qrupdakı şansları necə dəyərləndirirsiz?
- Şans həmişə var. Oyun 0:0 hesabı ilə başlayır, bu artıq şans deməkdi. Millinin necə hazırlıq keçəcəyi çox vacibdi. Qrupdan çıxmaq şansının olması çox yaxşıdı, amma rəqiblərimiz bəllidi. Bir komandanı bir dəfə büdrətmək, xal almaq olar, amma inandırıcı deyil ki, həmin komanda növbəti dəfə də büdrəsin. Bizi uzun marafon gözləyir. Portuqaliya, Serbiya və İrlandiyanın ilk yerlər uğrunda mübarizə aparacağı dəqiqdi. Hər bir komandayla mübarizə aparmaq olar. Hər bir komandanın turnirlə bağlı gözləntiləri olur. Bizim bu turnirdə şanslarımız yüksək deyil. Yaxşı mübarizə ilə 3-4-cü yerləri tuta bilərik.

- De Byazi bir neçə gün əvvəl verdiyi müsahibələrin birində bildirmişdi ki, millidə əsas problem xaricdə oynayan futbolçuların olmamasıdı. Bu fikrə münasibətiniz maraqlıdı.
- Problem tək o deyil. Millidə bir problem olsaydı, bütün gücümüzü qoyub onu həll edərdik. Düzdü, bu da şərtlərdən biridi. Daha güclü, səviyyəli çempionatlarda oynaması futbolçu üçün üstünlükdü. Elə çempionat var ki, fiziki göstəricilərə üsntünlük verilir. Elə çempionat da var ki, əsas olan taktikadı. Belə fərqlilik olanda futbolçunun qazandığı təcrübə daha böyük olur. Çempionatda “Qarabağ” daha asan oynayır. Çünki komanda üzvləri müəyyən müddətdə daha güclü, fərqli komandalarla mübarizə aparır. Bu baxımdan fərqli çempionatlarda futbolçularımızın oynaması üstünlük olardı. Amma təəssüf ki, belə oyunçumuz yoxdu.

- Komandaların bu qış ölkə daxilində təlim-məşq toplanışı keçəcəkləri dəqiqləşib. Bu amil onların çıxışına nə dərəcədə təsir edə bilər?
- Biz bayaq futbolçuların xaricdə oynamaması, bu təcrübələrinin olmaması haqda danışdıq. Orda qazanılan təcrübə milli üçün çox vacib olar. Eyni nüansı klublar üçün də demək mümkündü. Düzdü, bu məsələdə klubların günahı yoxdu, mövcud vəziyyət belə addım atmağı məcbur edir. Yanvarın 21-də çempionat başlayırsa, ayın əvvəlində harasa gedib-qayıtmaq çətin görünür. Pandemiya olmasaydı, klublar xaricdə təlim-məşq toplanışı keçib, müxtəlif rəqiblərlə yoxlama oyunlarında qüvvələrini sınamaq imkanı qazanardı, daha güclü, daha rəqabətədavamlı oyun göstərə bilərdilər. Bu nüanslar futbolçu üçün çox vacibdi. Amma indiki halda yenidən bir-biriylə oynamaq məcburiyyətində qalacaqlar. Mövsüm ərzində 4 dəfə oynayırlar, daha iki dəfə qarşılaşmaq ehtimalı var. Klublar bir-birini gözüyumulu tanıyırlar, amma daha güclü komandaya qarşı oynayanda səhvlər üzə çıxır və onu düzəltməyə çalışırsan. Bu şansdan da məhrum olacaqlar. Bu gün yoxlama oyunlarının keçirilməsində məqsəd səhvləri görməkdi. Sən çox qol vura bilərsən, amma komandada olan səhvlər görünməyəcək. Çempionatdakı rəqiblərlə qarşılaşmaq komandalara böyük xeyir verməyəcək (Futbol+).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti