"Qarabağdakı kimi, 4 gün də AFFA-da əməliyyat keçirmək mütləqdir" - ŞOK MÜSAHİBƏ

15 Dekabr 2020 22:20 Problem 1 602
"Qarabağdakı kimi, 4 gün də AFFA-da əməliyyat keçirmək mütləqdir" - ŞOK MÜSAHİBƏ

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Sportinfo.az-a müsahibə verib.

Beş il paytaxt klubunda çalışmış və bu dörnəmdə uğurlu fəaliyyəti ilə yadda qalmış təcrübəli funksioner gündəmə aid mövzulara münasibət bildirib.

(ilk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/100635.html)

- Futbolçulardan söz düşmüşkən, bu günlərdə Zaur Ramazanov qardaşı Ağabalanın timsalında milliyə seçimlərin düz aparılmadığını, Riad Rəfiyev və yığma məşqçilərini ciddi qınamış və açıqlaması böyük əks-səda doğurmuşdu. Doğrudanmı belə hallar baş verir?
- Deməli, Lippertin dönəmidir. O vaxtlar U-21-n 70-80% futbolçuları - Mirhüseyn Seyidov, Amit Quluzadə, Emil Balayev, Tərlan Quliyev və bir çoxları "Neftçi"də idi. Bununla yanaşı, gənc futbolçuların yetişməsinə xüsusi önəm verir, nəzarət edirdik. Antalyada təlim-məşq toplanışındayıq. U-21 də oradadır. Gənc futbolçularımızdan bəziləri yığmadan kənarda qalıb. Məşqçilərimizdən maraqlandım ki, yığmadakı həmkarları ilə məsləhətləşiblər, bu məsələni qabardıblar ya yox? Təbii, məşqçilərin həmkar həmrəyliyinə uyğun olaraq "niyə futbolçular dəvət almayıb" sualının verilməsi etik olmaya bilərdi. Birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova telefon açdım. Futbolu bilən insanlarıq və kimlərin yığmaya layiq olub-olmadığını əzbər bilirik. Antalyada olmağımızı, gənclərimizin əsas heyətlə birgə hazırlaşdığını önə çəkdim. Bəzi futbolçuların haqsız şəkildə diqqətdən kənar qaldıqlarını və yığmaya layiq olduqlarını söylədim. Onlara qarant dayandım və toplanışda yoxlanışdan keçmələrinin vacib olduğunu bildirdim. U-21 yaxında məskunlaşmışdı, axşamla gəlib futbolçuları apardılar. Təsəvvür edin, 3 futbolçu elə ilk yoxlama oyunundan U-21-n daimi üzvlərindən birinə çevrildilər. O vaxt onlardan biri Ağabala Ramazanov idi. Potensialı olan bacarıqlı futbolçularımızdan biridir. Baxın, o vaxt rəhbərlik olaraq futbolçularımıza dəstək verməsəydik, məsələ qaldırmasaydıq, kənarda qalacaqdılar. Ağabala yeniyetməlik dövründən gözümüzün qarşısında yetişib. Bəzi hallarda eşidirik ki, xarakteri çətindir. Bir dəfə də olsun, o uşaqdan başqa hərəkət görməmişəm. Xatirimdə böyük-kiçik yeri bilən, əzmkar, barışmaz futbolçu kimi qalıb. Liderlərin dəyərini liderlər bilər. Keyfiyyət qalsın bir tərəfə, futbol təsərrüfatı elə vəziyyətə gətirilib ki, onsuz da milliyə futbolçu seçimi minimumdur. Anormal durum yaranıb. Demək olar hər iki-üç futbolçudan biri milliyə dəvət almalıdır. Az-çox istedadı olanlara dəyər verilməlidir.

- Millinin daha yaxşı çıxış etməsi üçün nə edilməlidir?
- Milli ölkə futbolunun üst mərtəbəsidir. Azərbaycan futbolu qarşısına böyük hədəflər qoymalıdır. Bunun üçün istənilən şərait var. Məğlub psixologiya, bərbad futbol ideologiyası, idarəçiliyi, şəxsi maraqlarla böyük qələbələr qazanıla bilməz. Toressdən başlayaraq millidə neçə-neçə baş məşqçi dəyişilib, milyonlar havaya sovrulub. İldən-ilə isə tənəzzül davam edir, daha acınacaqlı durum yaranır. Yığmanın, futbolun problemlərinin həlli məşqçi dəyişikləri deyil, daha dərin, daha qlobaldır. Bu gün alçaldıcı kapitulyasiyaya imza atan, darmadağın edilən düşmən ordusu gecə-gündüz bəyan edir ki, erməni əsgəri məğlub olmayıb. Belə yanaşma, cəfəngiyyat bütün dünyada ikrah hissi oyadır. Azərbaycan futbolunda da oxşar durumdur. İllərdir dövlət qayğısına, xərclənən 100 milyonlara baxmayaraq, futbol idarəçilərinin təbliğat maşını inkişafdan dəm vururlar. Ən acınacaqlısı odur ki, bu, döyüş meydanlarında diz çökdürülən Ermənistanın yaşıl meydanlarda qrup qalibi fonunda baş verir. Millimizin, ümumilikdə ölkə futbolunun düzəlməsi, dirçəlməsi üçün Qarabağda aparılan 44 günlük möhtəşəm əks-hücum kimi, 4 gün də AFFA-da əməliyyat həyata keçirmək mütləqdir. Zəfər qazanan, qalib ruhlu xalqın, dövlətin, ordunun, qalib ruhlu da futbolu olmalıdır.

- Futbolu qaldıracaq mütəxəssislərimiz varmı?
- Qızıldan qiymətli illər itirilib. Azərbaycan futbolunun soraqları dünya və Avropa çempionatının final mərhələlərindən gəlməlidir. Futbolun yükünü bu səviyyədə çiyinlərində daşıya biləcək insanlarımız çox olmasa da, var.

- AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bildirib ki, Rəşad Sadıqov və digər gənclərin Premyer Liqada çalışması hələ tezdir. Onlar uşaq futbolundan başlanılmalı, tədricən qalxmalıdırlar. Rəşad Sadıqov isə bu fikirlərlə razılaşmadığını deyib.
- Hər bir mütəxəssisin öz baxışı var və bunlara münasibət bildirmək istəmirəm. Öz düşüncələrimi sizinlə bölüşə bilərəm.

- Buyurun.
- Öncə Azərbaycan futbolunda kök salmış 23-25 yaşlı "gənc" futbolçu, 45-50 yaşlı "gənc" məşqçi, mütəxəssis anlayışına birdəfəlik son qoyulmalıdır. Belə düşüncə tərzi futbolu məhvə sürükləyir. Almaniya, Türkiyə, Rusiyada, çalışmış, çalışan gənc baş məşqçiləri qoyaq bir kənara, Azərbaycanın özündə buna möhtəşəm nümunə var. Rəhmətlik Əhməd Ələsgərov 31 yaşında dözülməz səviyyəsi, rəqabəti ilə seçilən, vaxtilə Avropanın ən güclü çempionatlarından birində nəinki "Neftçi"nin baş məşqçisi olub, titul qazanıb. Bu uğuru "Çernomorets"də davam etdirib. Bu gün 40 yaşı haqlamış məşqçilərimizə gənc deyə-deyə psixologiyalarına təsir edilir, arxayınlaşırlar. "Gəncik, vaxtımız var" düşüncəsi ilə bir də ayılırlar ki, yaş 50-ni ötüb, heç bir uğur da qazanılmayıb. Eynilə futbolçular, 25 hələ gəncdir, 30-da isə başlamamış karyera bitir. İstedad varsa, yaş çox da önəmli deyil, illərlə təcrübə, püxtələşmə baş verə bilər ancaq. Bacarıq yoxdursa, istəyir 60 yaş olsun, heç bir faydası olmaz. Kənardan sadə görünə bilər. Bu, Azərbaycan futbolunda ən böyük problemlərdən biridir. Həm təcrübəlilərdən istifadə edilməlidir, həm də istedadlılara yol açılmalıdır. Nəsil dəyişməsi, fərq etməz, futbolçu, məşqçi, hakim olsun, rəqabətə uyğun təbii baş verməlidir, süni yox. Biz də vaxtilə gənc olmuşuq, dahi Tofiq Bəhramovun, Eldar Əzimzadənin, digər ağsaqqalarımızın, müəllimlərimizin xeyir-duaları, məsləhətləri ilə böyümüşük. Bu gün də pozitiv tənqidlərlə yanaşı, borcumuz özümüzdən cavanlara, gənclərə dəstək vermək olmalıdır.

- Sizcə, Rəşad Sadıqov məşqçi kimi özünü sübut edə biləcəkmi?
- Rəşad Sadıqov futbolçu kimi gənc yaşlarından lider olub. O vaxtlar 1-2 oyununu idarə də etmişəm. Son 10 ildə "Neftçi" - "Qarabağ" duellərində stadionlarda dəfələrlə qarşı-qarşıya gəlmişik. Hər zaman böyüklərə hörməti, müsbət davranışı ilə seçilib. İndi də baş məşqçi kimi özünü sübut etmək istəyir. Mən əksini deyərdim, hətta gecikib bir az. Məşqçiliyi düşünürdüsə, futbolçu karyerasını 2-3 il tez bitirə bilərdi. Vaxt yoxdur, özünə gənc desə, uduzar. "Zirə"də gəldiyi gündən risk etdi, heyəti böyük ölçüdə dəyişdi. Hazırda çempionatda liderlərdən biridir. Məşqçilikdə, ümumən futbolda, əsas ideyanın, özəlliyin olması və bunu həyata keçirmək bacarığıdır. Komandanın oyununa baxdıqda, cizgilər hiss olunur. Təcrübə gəldikcə, daha da təkmilləşəcək. Məşqçilikdə futbolçu karyerasından da üstün nəticələr qazana bilər.

- Hiss olunur ki, çempionatı izləyirsiz.
- Müharibə ilə bağlı detallı olmasa da, imkan daxilində diqqətdə saxlayırdım.

- Onda sizə doğma olan "Neftçi" haqda fikirləriniz bizə maraqlıdır. Bu klub niyə belə bərbad vəziyyətə düşüb və illərdir bataqlıqdan çıxa bilmir?
- "Neftçi" ilə bağlı son 5-6 ildə o qədər təhlillər aparmışıq ki, təkrarçılığa yol vermək istəmirəm. Səsləndirdiyimiz fikirlərin hamısı qüvvədədir və bütün analizlər 100 faiz özünü doğruldub. Deyilən söz gərək öz kəsərini, çəkisini heç vaxt itirməsin.

- Son sual. Bilirik ki, bu illər ərzində təklifləriniz kifayət qədər olub. Tahir müəllim böyük futbola nə vaxt qayıdacaq?
- Biz ruhən hər zaman böyük futboldayıq. İdeyalarımıza, bacarığımıza, iddiamıza uyğun təkliflər olacağı halda, düşunərik, dəyərləndirərik. Futbolun Şuşasını fəth etməyə, istənilən rəqib üzərində qələbə qazanmağa, Avropa yollarında yeni cığırlar, səhifələr açmağa hər zaman hazırıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti