"Neftçi"nin sabiq vitse-prezidenti susqunluğunu pozdu, nə pozdu…

14 Dekabr 2020 13:20 Müsahibə 2 395
"Neftçi"nin sabiq vitse-prezidenti susqunluğunu pozdu, nə pozdu…

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Sportinfo.az-a müsahibə verib.

Beş il paytaxt klubunda çalışmış və bu dörnəmdə uğurlu fəaliyyəti ilə yadda qalmış təcrübəli funksioner gündəmə aid mövzulara münasibət bildirib.

- Tahir müəllim, çoxdandır görünmürsüz, futbolla bağlı fikirlərinizə, təhlillərinizə rast gəlmirik. Səbəbi nədir?
- Son aylar hər birimizin ürəyi Qarabağda döyünürdü. Futbol, digər sahələr ikinci plana keçmişdi. 30 ilə yaxındır səbirsizliklə gözlədiyimiz an gəlib çatmışdı. Dövlətimizin, xalqımızın birliyi, ordumuzun rəşadəti, igidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən işğalından azad edilirdi. Döyüşçülərimiz arasına yüzlərlə idmançı gənc də qoşulmuşdu. Həmkarlarınız, jurnalistlər də bu cərgədə idi. Başda hörmətli prezidentimiz olmaqla, dövlətimizin, xalqımızın birliyi sayəsində Qarabağ mənfur düşməndən azad edildi, Ermənistan məğlub protokola qol çəkərək, Azərbaycanın qarşısında diz çökdü. Qısa müddətdə müqqəddəs bayrağımız Şuşaya sancıldı. Bütün dünya Azərbaycanın hansı gücə sahib olduğunu əyani görmüş oldu. Müharibə itkisiz olmur. Mərd oğullarımız qanları, canları bahasına torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə ucaldılar, Azərbaycanın yeni, şanlı, zəfər tarixini yazdılar. Qarabağı azad edən, əlinə silah alan hər bir zabit-əsgərimiz qarşısında baş əyirik.

- Qarabağla bağlı xatirələriniz çox olar...
- Çoxdur. Hələ uzaq 80-cı illərdə futbolçu kimi Ağdam "Şəfəq"i ilə görüşlərimiz, məşqçi kimi Xankəndində yeniyetmələri meydana çıxartmağımız, "İmarət"də hakim kimi "Qarabağ"ın oyunlarının idarəçiliyi... Müharibənin qızğın çağında Füzulidə, Cəbrayılda dolu tribunalar qarşısında "Ərgünəş"in, "Xudafərin"in oyunları indi də xatirələrdədir.

- Və azad edilmiş rayonlarımızın indiki durumu...
- Çox acınacaqlıdır. Bunun bir adı var - vəhşilik! Ağdamın timsalında erməni vandalizminin nədən ibarət olduğunu bütün dünya gördü. Əsas torpaqlarımızın azad edilməsi idi. Dövlətimiz güclüdür və öz qüdrətini bu müharibədə göstərdi. Heç şübhəsiz, Qarabağ 5-10 ilə gül-çiçəyə çevriləcək. Şəhər və kəndlərimiz müasir şəkildə yenidən daha gözəl hala gətiriləcək, "Qarabağ" doğma stadionuna qayıdacaq. Şuşa başda olmaqla, digər şəhər və rayonlarımızda klublar bərpa ediləcək, yeni komandalar yaradılacaq. Digər bölgələrimizdə də klublarımızın bərpası ilə əsl Azərbaycan çempionatını görəcəyik. Hər halda indi mən buna böyük ümid bəsləyirəm.

- Çox inamla danışırsız...
- Mütləq olacaq. Fikir verin, əsgərlərimiz döyüşə-döyüşə, ölümlə üz-üzə ola-ola, video mesajlar göndərirdilər: "Heç nə istəmirik, doğma komandalarımız "Turan"ı, "Xəzər Lənkəran"ı, "Kəpəz"i yenidən güclülər sırasında görək". Azərbaycanda futbolu belə sevirlər. "Neftçi"nin, "Qarabağ"ın, "Şahdağ"ın, Lənkəran, Zaqatala, İmişli, Sumqayıt - bütün şəhər və komandalarımızın, "Qalatasaray", "Fənərbağça"ya kimi fanatları əllərində silah düşməni qovdular. Tribuna şəhidlərimiz də oldu. Doğma stadionlarda sektorlar rəsmi olaraq onların adını daşımalı, bir oturacaq hər birinin adına daimi boş saxlanılmalıdır. Ölkədə futbol lazımı səviyyəyə gətirilməsə, şəhidlərimizin ruhu bizi bağışlamaz.

- Özümüz də hiss etmədən Qarabağdan, müharibədən keçdik futbola. Yəqin Millətlər Liqasında yığmanın çıxışlarını izləmisiz?
- Ruhumuz Qarabağda, igidlərimizin yanında olsa da, çalışırdıq diqqətdə saxlayaq.

- Milli D Divizionunda qrupu üçüncü pillədə bitirdi, pley-offa vəsiqə qazana bilməli. Bu uğursuzluğa nə ad vermək olar?
- Fiaskoya nə fikir ola bilər ki?!

- Biabırçı nəticələrin də səbəbləri var yəqin...
- Təbii, səbəbsiz deyil. Millətlər Liqasının ötən seçmə mərhələsi ilə müqayisədə daha bərbad oyun, daha bərbad nəticə… Yeganə fərq bir dəstə əcnəbi məşqçidir. Bir də eddilərin Ispaniyada erməni dostlarının xatirinə dəyməyərək, koronavirus bəhanəsilə milliyə gəlməməsi.

- Gəlsəydilər, nə faydası olacaqdı ki?
- Ən azından AFFA-dakı havadarları ilə görüşərdilər. Bəlkə ruh yüksəkliyi fonunda cəbhəyə də gedərdilər.

- Zarafat edirsiz?
- Zarafat deyil, acı həqiqətdir. Tribunada "kənar şəxs" elan edilən fanatlar şəhid oldular, yaralandılar, qəhrəmancasına döyüşdülər, eddilər isə dəstəkçiləri ilə yüz minlər, milyonlar qazandılar. Düşmənlər, onsuz da, həyasızcasına dünyaya bar-bar bağırırlar ki, Qarabağda afrikalılar var idi. Heç olmasa, orada göstərməyə bir Eddimiz olardı…

- Millidə həm də koronavirus problemi yaşandı.

- Bu günlər təəssüf ki, futbolda üzücü xəbərlər də alırıq. Elbrus Abbasov, Namiq Məstanov dünyalarını dəyişdilər. Nə yaxşı Elbrus müəllim son anda doğma Ağdamın azadlığını, "İmarət"i yenidən görə bildi. Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun! Xəstəliyə gəldikdə isə, futbolçuların bəziləri bu səbəbdən Avropada karantinə alındı. Milliylə səfərə çıxanlarla bağlı Azərbaycana döndükdən sonra dərhal eyni addım atılmalıydı. Bu baş vermədi deyə, çempionatda yoluxanların sayı kütləvi hal aldı, nəhayət oyunlar təxirə salındı. Yığmada əcnəbi həkim çalışır. Niyə vaxtında müdaxilə edib futbolçuların tam izolyasiyası təmin edilmədi. Yerli mütəxəssis olsaydı, dar ağacından asardılar.

(I HİSSƏ)

Digər Xəbərlər
Xəbər Lenti