Azərbaycan Vətən Müharibəsi başladıb, öz torpaqlarını işğaldan azad etdi.
44 günlük savaş ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Asan başa gəlmədi bu qələbə bizə. 3 minə yaxın şəhid verdik.
Şəhidlərin hər biri bir qəhrəmandır. Onların döyüş yoluna baxdıqda necə böyük igidlik göstərdiklərini görürük. Yaralanlamalarına rəğmən, müalicələrini yarımçıq qoyub, yenidən döyüşə atılıblar. Canlarından keçiblər Vətən üçün.
Qazilərimiz də yetərincədir. Böyük şücaət göstəriblər döyüşlərdə. Sağlamlıqlarını itiriblər. Dağ kimi oğullardır hər biri. Şəhidlərimizin xatirəsini əziz tutduğumuz kimi qazilərimizin də sağlamlığı hər birimizin diqqətində olmalıdır. Heç şübhəsiz, bu məsələdə yük də, məsuliyyət də dövlətin üzərinə düşür. Amma bəzən elə durum yaranır, dövlət yetişə bilmir, çatdırmır. Məlumdur ki, pandemiya bütün dünyanı bürüyüb. Azərbaycan da dünyanın bir parçası olaraq bu bəladan əziyyət çəkir. Xəstəxanalar, klinikalar koronavirus xəstələri ilə dolub-daşır. Üstəlik, müharibə təzə bitib. Onun vurduğu fəsadlar hələ aradan qaldırılmayıb. İş çoxdur. Dövlət həddən artıq yüklənib. Lakin nə olur-olsun, Vətən üçün savaşıb, sağlamlığını itirmiş insanların müalicəsi hər şeydən öndə tutulmalıdır. Onları ağrıları ilə baş-başa buraxmaq yolverilməzdir.
Bizə müraciətlər olur. Hazırda Tovuz Rayonunun Yuxarı Öysüzlü kəndindən iki qazimiz ağır vəziyyətdə, öz evlərində yataq xəstəsidir. Ağrıdan yata bilmir qazi qardaşlarımız. Hərbi hospitalın həkimləri onları müxtəlif arqumentlərlə evlərinə göndəriblər. Dava-dərman olmadan nə etsinlər? Necə müalicə alsınlar?
Qazi Əhmədov Kamil Kərəm oğlu deyir ki, Daşaltıda yaralanıb.

Düşmən gülləsi ayaq sinirini dağıdıb. “Ağrıdan qovruluram” deyir. Qəbul etdiyi narkotik tərkibli dərmanlar ağrılarını dindirmir. Bakıda hərbi hospitalda müalicə alıb. Sonra onu kəndə yollayıblar. Kəndə də necə müalicə alsın?

Yuxarı Öysüzlü kəndindən daha bir qazimiz Həsənov Vəli İlham oğludur.

Murovdağ istiqamətindəki döyüşlərdə ayağından ağır yaralanıb. Əməliyyat olunub, amma yenə müalicəyə ehtiyacı var. Onu da evə yollayıblar.
İş adamları, deputatlar, vəzifəli şəxslər baş tacımız olan qaziləri dinləməli, onları ziyarət etməlidirlər. Qazilər deyirlər ki, çətin tapılan dərmanları icra hakimiyyətinin başçısı alıb, göndərir. Amma bununla iş bitmir.

Hamı çətinə düşəndə millət vəkili Qənirə Paşayevanı axtarır. Qənirə xanımdan başqa Tovuzun daha bir deputatı var - Ülviyyə Ağayeva.
Yuxarı Öysüzlü kəndi Ülviyyə xanımın dairəsini əhatə edən kəndlərdəndir. Bu deputatı bir dəfə də olsun, nə şəhidlərin yas mərasimində görən olub, nə bir qaziyə baş çəkdiyinə şahidlik edən var.

Belə bir adama mandat verib Milli Məclisdə əyləşdirmək dövlətə çoxmu lazımdır?! Tamam, bəlkə, lazımdır, bizim bilmədiyimiz məqamlar var. O zaman bir zəhmət, bu xanım deputata tapşırın, camaatla maraqlansın. Bir şəhid anasının yanına getsin, bir qazimizə baş çəksin. Onların əksik-gərəyi ilə maraqlansın, yaralı döyüşçülərin müalicəsinə dəstək versin.
Buradan əslən Yuxarı Öysüzlüdən olan İlqar Qılıcova səslənirəm.

İlqar bəy, bir zəhmət, kəndlə, onun problemələri ilə maraqlanın.
Sizin səlahiyyətiniz və imkanlarınız bizimkindən qat-qat çoxdur. İki qazimizin, bir şəhid ailəmizin üzləşdikləri problemlərin həllinə yardımçı olun. Öysüzlünün çox bərəkətli torpağı var. Torpaq təkcə əkib-biçmək üçün lazım deyil insana. Son mənzil üçün də o torpaqlara ehtiyacımız olacaq. Ən əsas, o torpaq üçün canından, sağlamlığından keçən oğullara sahib çıxmaq lazımdır.
Qələbədə payı olan insanlara, ilk növbədə şəhid ailələrinə, qazilərə, hazırda xidmət göstərən hərbçilərə qayğı, diqqət dövlətin, ayrı-ayrı məmurların öncəliyidir. Heç bir arqument bunun əksini isbatlaya bilməz. Burada dövlətin təhlükəsizliyi və digər maraqları da nəzərə alınmalıdır. Bu ölkəyə düşmən kəsilən xeyli "azərbaycanlı" var. Onların çörəyinin üstünə yağ çəkmək olmaz. İmkan verməyin ki, qələbənin memarları olan şəhidlərin, qazilərin, xidmətdə olan hərbçilərin problemələrini öz maraqları naminə istifadə etsinlər (musavat.com)...

