“Neftçi”də hər işə qarışan, hamını özündən narazı salan tanınmış meyxanaçı kimdir?

13:40 Neftçi 69
“Neftçi”də hər işə qarışan, hamını özündən narazı salan tanınmış meyxanaçı kimdir?

“Neftçi” Futbol Akademiyasında baş verənlər ciddi suallar doğurur.

Futbol akademiyası ilk növbədə futbolçuların inkişaf etdiyi, məşqçilərin peşəkar qərarlarının əsas götürüldüyü və bütün uşaqlara bərabər yanaşıldığı bir mühit olmalıdır.

“Neftçi“ Futbol Akademiyasında baş verdiyi iddia olunan bəzi hadisələr akademiyanın idarəçilik prinsipləri ilə bağlı ciddi narahatlıq yaradır.

Məlumata görə, tanınmış meyxanaçı Pərviz Sabirabadlının akademiyadakı davranışları, məşqçilərə və rəhbərliyin ihinə müdaxilələri, eləcə də qərarların qəbuluna təsir göstərməsi digər valideynlər və futbolçular arasında narazılığa səbəb olur.

İddialara görə, 2014-cü il təvəllüdlü futbolçuların iştirak etməli olduğu turnirə komandanın göndərilməməsi də məhz bu müdaxilələrlə əlaqələndirilir.

Pərviz Sabirabadlının oğlu Əli Nuri U-12 komandasında forma geyinir. Bu vəziyyət haqlı olaraq belə bir sual yaradır: görəsən, akademiyada qərarlar məşqçilərin peşəkar yanaşmasına əsasən verilir, yoxsa kənardan göstərilən təzyiqlər müəyyən istiqaməti diktə edir?

Ən təəccüblüsü odur ki, adıçəkilən şəxsin akademiyada bu qədər təsir imkanına malik olması barədə iddialar rəhbərliyin mövqeyini də sual altına qoyur.

Əgər bir valideyn məşqçilərin qərarlarına təsir göstərə, komandanın turnirlərdə iştirakına müdaxilə edə bilirsə, onda akademiyanın rəhbərliyi və idman menecmenti hansı funksiyanı yerinə yetirir?

Pərviz Sabirabadlı öz sənət sahəsində tanınmış şəxs ola bilər. Meyxana sahəsindəki fəaliyyəti və ictimai tanınmışlığına hörmətlə yanaşmaq olar.

Lakin gəlin bir şeyi dəqiqləşdirək: sənət adamı olmaq futbol mütəxəssisi olmaq demək deyil. Hətta Azərbaycanın Xalq artisti və ya Əməkdar artisti olsaydı belə, bu, ona futbol akademiyasında xüsusi səlahiyyət və imtiyaz verməzdi.

Futbol akademiyası heç kimin şəxsi nüfuzunu nümayiş etdirdiyi, özünü rəhbər kimi apardığı və şəxsi istəklərini həyata keçirdiyi məkan deyil!

Orada yüzlərlə uşaq futbolçu olmaq arzusu ilə məşq edir. Onların hər birinin eyni hüquqları, eyni imkanları və ədalətli münasibət görmək haqqı var. Heç bir uşağın inkişafı digər valideynin nüfuzundan, əlaqələrindən və ya təzyiqindən asılı olmamalıdır.

“Neftçi“ kimi Azərbaycanın ən köklü futbol klublarından birinin akademiyasında bu cür iddiaların gündəmə gəlməsi xüsusilə təəssüf doğurur. Klubun adı, tarixi və futbol ənənələri hər hansı bir şəxsin fərdi maraqlarından üstün tutulmalıdır.

Əsas sual isə budur: “Neftçi“ Futbol Akademiyasında idarəçilik kimin əlindədir – akademiyanın peşəkar rəhbərliyinin, yoxsa müəyyən valideynlərin təsirinin?

Bu məsələyə akademiya rəhbərliyinin aydınlıq gətirməsi vacibdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı