ABŞ-nin Nyu-York şəhərində keçirilən marafon 24 yaşlı Reyçel Apa üçün faciə ilə nəticələnib.
İlk dəfə qatıldığı yarışda finiş xəttinə təxminən 3 kilometr qalmış huşunu itirən gənc qadın xəstəxanada həyatını itirib.
Sportinfo.az xəbər verir ki, hadisə noyabrın 1-də Mərkəzi Parkda, marafonun 24-cü milində baş verib.
Ətrafdakıların və yarışın tibb işçilərinin ürək-ağciyər reanimasiyası aparmasına, defibrilyatordan istifadə edilməsinə baxmayaraq, Reyçel Apa xilas edilə bilməyib.
O, təcili yardımla Mount Sinai Xəstəxanasına çatdırılıb və həmin gün saat 21:40-da vəfat edib.
Faciənin təfərrüatları gənc qadının yarış zamanı atası Stiv Apa ilə yazışmaları üzə çıxdıqdan sonra məlum olub. Pensilvaniyadakı evindən qızının qaçışını izləyən ata marafon tətbiqi vasitəsilə onun irəliləyişini də izləyirmiş.
Yarışın ilk hissəsində Reyçel atasına özünü yaxşı hiss etdiyini yazıb. Lakin məsafə artdıqca mesajlarının məzmunu dəyişib. O, əvvəlcə narahatlığını ifadə edən qısa mesajlar göndərib, daha sonra ağrı hiss etdiyini bildirib. Atası isə ona sürəti azaltmağı və özünü həddindən artıq yormamağı tövsiyə edib.
Yarışın 24-cü milində atası qızının tətbiqdəki mövqeyinin dəyişmədiyini görüb. Onunla əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib. Nyu-Yorkda olan anası Mişel Apa da qızını gözlədiyi yerdə görmədikdən sonra narahat olub və sonradan onun xəstəxanaya aparıldığını öyrənib.
Ailəsinin həkimlərdən aldığı məlumata görə, Reyçel Apa-nın ölüm səbəbi rabdomioliz olub. Bu, əzələ toxumasının parçalanması nəticəsində hüceyrə maddələrinin qan dövranına daxil olduğu ciddi tibbi vəziyyətdir.
Xüsusilə həddindən artıq fiziki yüklənmədən sonra yarana bilən rabdomioliz böyrəklərin zədələnməsi və həyati təhlükəli ağırlaşmalarla nəticələnə bilər.
Bununla belə, Nyu-York Tibbi Ekspertiza Ofisi ölüm səbəbi ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Yəni rabdomioliz barədə məlumat hələlik ailənin həkimlərdən aldığı izahata əsaslanır.
Bucknell Universitetinin məzunu olan Reyçel Apa 2024-cü ildə biznes üzrə dərəcə alıb. O, universitetdə dörd il otüstü xokkeylə məşğul olub, daha sonra məhsul meneceri kimi çalışmağa başlayıb.
Gənc qadın ilk Nyu-York marafonunda Parkinson Fondu üçün ianə toplamaq məqsədilə iştirak edirdi. Yarışını 2022-ci ildə Parkinson xəstəliyindən vəfat edən babasına həsr edən Apa onun uşaqlıqdan həyatında mühüm rol oynadığını, aktiv qalmağı və çətinliklərdən çəkinməməyi öyrətdiyini bildirib.
Marafonun təşkilatçısı “New York Road Runners” Reyçel Apa-nın vəfatı ilə bağlı ailəsinə, dostlarına və qaçış ictimaiyyətinə başsağlığı verib.




