“Neftçi” Tərlan Əhmədova “55”, Kamal Quliyevə “50” BAĞIŞLADI

22:40 Neftçi 84
“Neftçi” Tərlan Əhmədova “55”, Kamal Quliyevə “50” BAĞIŞLADI

“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində “ağ-qaralar”ın qonağı olub.

Sportinfo.az Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə 50 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

Tərlan Əhmədov Azərbaycanda müxtəlif klublarda forma geyinməklə yanaşı, legioner həyatı da yaşayıb – Rusiya, İran və Ukrayna çempionatlarında çıxış edib.

1989-1991, 1998-2002-ci illərdə “Neftçi”də çıxış edən, “ağ-qara” formada 121 oyun keçirib, 6 qol vuran Əhmədov 1999-cu ildə Azərbaycan kubokunu başı üzərinə qaldırıb və ilin futbolçusu seçilib.

1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası ilə Avropa çempionu olan müdafiəçi bir müddət “Neftçi”ni meydana kapitan kimi çıxarıb. O, milli komandanın heyətində 75 oyun keçirib.

Kamal Quliyev Azərbaycandan başqa, Ukrayna çempionatında da çıxış edib. 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda meydana çıxıb 24 qol vuran Quliyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. Milli komandada 47 oyun keçirib.

Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçisi olublar.

Bu dönəmdə iki il ard-arda (2012, 2013) çempionluq yaşayan “Flaqman” 2012/13-cü illər mövsümündə Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Bundan əlavə, komanda iki dəfə (2013, 2014) Azərbaycan kubokunun qalibi olub.

Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi olub və komandaya Azərbaycan çempionatının bürünc medalını qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti