"Neftçi"nin ötən yay heyətinə qatdığı futbolçular arasında özünü ən yaxşı tərəfdən göstərən Rüfət Abbasovdur.
"Şamaxı"dan yetirməsi olduğu kluba qayıdan müdafiəçi cinahında əsas söz sahibidir.
Milli komandamızın da üzvü olan 21 yaşlı futbolçu yalnız müdafiə planında yox, ön xətdə də "ağ qaralar"a böyük fayda verir.
Bunu biz yox, statistika deyir.
10 turdan sonra Abbasovun aktivində bir qol və beş məhsuldar ötürmə var.
Amma gənc oyunçunun hədəfləri daha böyükdür.
O, saytımıza açıqlamasında "mövsümün əvvəlində kimsə sənə bu göstəricini desəydi, razılaşardın, yoxsa daha çoxunu gözləyirdin" sualına cavabında bunu dilə gətirib:
"Bildiyiniz kimi, “Şamaxı”da ilk mövsümümü bir qol və altı assistlə, ikinci mövsümümü isə bir qol və yeddi assistlə başa vurmuşdum.
“Neftçi”yə gələndə özümə hədəf qoymuşdum ki, bu göstəricimi yeniləyim.
İnşallah, bu mövsüm minimum 10-12 assist etməyi qarşıma məqsəd qoymuşam. Ümid edirəm ki, buna nail olaram.
Amma bizim üçün ən vacib məsələ çempionluqdur. İnşallah, çempionluğu qazanarıq".
XANOĞLAN/ SPORTİNFO.AZ
