İslandiya millisinin basketbolçusu Telma Dis Aqustsdottir Azərbaycan yığması ilə qarşılaşmada ölkəsinin qadın milli komandasının 30 illik rekordunu yeniləyib.
Sportinfo.aiz xəbər verir ki, basketbolçu Avropa çempionatının seçmə mərhələsində millimizə qarşı oyunda 41 xal toplayıb.
O, meydanda keçirdiyi 27 dəqiqə 22 saniyə ərzində 23 üçxallıq atışdan 13-nü dəqiq yerinə yetirib.
Qadın millisinin əvvəlki məhsuldarlıq rekordu Anna Mariya Sveynsdottirə məxsus olub. O, 1996-cı ildə Malta ilə qarşılaşmada 35 xal qazanıb. Aqustsdottir həmin göstəricini altı xal yaxşılaşdırıb.
Basketbolçu 13 üçxallıq atışı dəqiq yerinə yetirməklə bu göstəricidə yeni milli rekord müəyyənləşdirib. Həmin atışlardan 39 xal qazanan Aqustsdottir görüşün son saniyələrində iki xallıq atışı da dəqiq yerinə yetirib.
Bununla ümumi xalını 41-ə çatdıraraq qadın millisinin bir oyunda toplanan xal rekordunu da yeniləyib.
Qarşılaşma İslandiya millisinin 129:41 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyətini alıb.
