“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb. Azərbaycan təmsilçisi Yunanıstanda “Kolossos”la qarşılaşmada qələbəyə yaxın olsa da, üstünlüyünü sona qədər qoruya bilməyib.
Sportinfo.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi komanda C qrupunun yeddinci turunda rəqibinə 78:79 hesabı ilə uduzub.
Falirakidəki “Kalliteya” zalında keçirilən görüşün ilk periodunu meydan sahibləri 22:19 hesabı ilə öndə tamamlayıblar. İkinci periodda 24:22 hesabı ilə üstün olan “Gəncə” fasiləyə bir xal geridə yollanıb - 43:44.
Üçüncü periodda Azərbaycan təmsilçisi daha yaxşı çıxış edərək 21:17 hesabı ilə qalib gəlib və sonuncu hissəyə 64:61 üstünlüklə daxil olub. Lakin həlledici periodda “Kolossos” 18:14 hesablı üstünlük əldə edərək yekunda qələbə qazanıb.
“Gəncə”nin heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Kobe Medji olub. Ksavye Rods və Montavius Merfi hərəyə 14, Donovan Donaldson 11, Bakari Kamara səkkiz, Latavius Cey Mitçell isə altı xal qazanıb.
Azərbaycan klubu əvvəlki altı oyunda yalnız bir qələbə qazanmışdı. “Gəncə” Portuqaliyanın “Sportinq” klubunu 69:67 hesabı ilə məğlub etmişdi. Komanda Bolqarıstanın “Rilski Sportist” klubu ilə səfər görüşünə çıxmadığına görə 0:20 hesablı texniki məğlubiyyətlə də cəzalandırılıb.
Yeddi turdan sonra bir qələbəsi olan “Gəncə” C qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb.
