XƏBƏRDARLIQ! "Neftçi"də hər şey güllü-gülüstan deyil

20:40 Neftçi 63
XƏBƏRDARLIQ! "Neftçi"də hər şey güllü-gülüstan deyil

"Neftçi" Premyer Liqada birinci dövrəni lider kimi tamamladı.

Turnir cədvəlinə baxanda ilk baxışdan hər şey qaydasında görünür.

“Ağ-qaralar” uzun illərdən sonra belə performans sərgiləyib. Liqanın ən məhsuldar komandası da məhz "Neftçi"dir.

Deməli, əldə olunan nəticələr heç də təsadüfi deyil.

Amma problemlərin olmadığını, hər şeyin ideal şəkildə getdiyini də demək olmaz.

Adətən qələbələr gələndə, nəticələr yaxşı olanda çatışmazlıqlar da arxa plana keçir.

Sanki hər şey güllü-gülüstandır. Ancaq bir qədər detallara varanda, oyunları ayrı-ayrılıqda təhlil edəndə görürsən ki, vəziyyət heç də ideal deyil. "Neftçi"də problemlər, narahatlıqlar, çətinliklər az deyil.

Komanda keçirdiyi 11 oyunun 4-də əsas rəqibləri ilə üz-üzə gəlib və bu görüşlərin heç birində qələbə qazana bilməyib.

İlk ciddi siqnal budur. Ukraynalı mütəxəssis ötən mövsümdən davam edən problemi hələ də həll edə bilmir.

“Sabah”, "Turan Tovuz" və “Qarabağ”la oyunlarda heç-heçə qeydə alınıbsa. “Zirə”yə isə məğlubiyyət yaşanıb.

“Turan Tovuz”la oyunda heç-heçəni komandanın azlıqda qalması ilə müəyyən qədər əlaqələndirmək olar.

Halbuki "Neftçi" həmin vaxta qədər də yaxşı oyun sərgiləmirdi.

“Qarabağ”la görüşdə son saniyələrdə qələbə əldən çıxdısa, “Sabah”la matçda tərəflər təxminən bərabər səviyyəli oyun nümayiş etdirdilər.

"Zirə"yə uduzmağın isə izahı yoxdur.

Əsas narahatlıq ikinci altılıqdakı komandalarla oyunlarda özünü göstərir.

Düzdür, "Neftçi" bu görüşlərin heç birində xal itkisinə yol verməyib və maksimum nəticə əldə edib. Amma ayrı-ayrı oyunları təhlil edəndə mənzərə bir qədər fərqli görünür.

“Araz-Naxçıvan”, “Sumqayıt” və “Şəfa” bir nəfəsə, özü də böyük hesablarla məğlub edilib.

Lakin digər qarşılaşmalarda rəqiblər turnir cədvəlinin aşağı pillələrində qərarlaşsalar da, "Neftçi"nin işi heç də asan olmayıb.

“Şamaxı” və “İmişli” dramatik mübarizədən sonra 3:2 hesabı ilə məğlub edilibsə, “Kəpəz” üzərində cəmi bir top fərqli qələbə qazanılıb – 1:0.

Autsayderlərlə oyunlarda maksimum xal toplamaq, əlbəttə, əla nəticədir.

Ancaq bu görüşlərdə rəqibləri rahatlıqla üstələyə bilməmək də müəyyən problemlərdən xəbər verir.

Bu baxımdan, oyunları da nəzərdən keçirəndə "Neftçi"nin hazırda çempionluğa layiq, yüksək səviyyəli futbol sərgilədiyini söyləmək çətindir.

Boşluqlar, çətinliklər, həllini gözləyən məsələlər var.

Məsələn, bu komanda nə ötən mövsümün çempionu “Sabah”dır, nə də çempionluğu son əldən verən “Qarabağ”.

"Neftçi"nin liderliyi reallıqdır, nəticələri də təqdirəlayiqdir. Amma lider olmaqla çempionluğa layiq futbol oynamaq eyni şey deyil. Hələki bu nöqtədə Yuri Vernidub geri qalır.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti