Gənclər millisinin həyatında yeni dönəm başlayıb.
Bunu edən Rəşad Eyubovdur.
Baş məşqçi diqqəti I Liqada çıxış eləyən futbolçulara yönəldib. U-21-in baş məşqçisi Omanın U-23 yığmasıyla iki yoxlama görüşündə I Liqanın bir neçə iştirakçısına şans tanıdı.
Məhz bu yanaşma məşqçi heyətinin işində ayrıca qiymətləndirilməli məqamlardan biridir.
Azərbaycan futbolunda hər məşqçi Birinci Liqada çıxış edən futbolçuları yaxından izləmək, onlar haqqında məlumat toplamaq, fərdi keyfiyyətlərini təhlil etmək və həmin oyunçulara milli komanda səviyyəsində etimad göstərmək riskini üzərinə götürmür.
Halbuki istedadın müəyyənləşdirilməsi üçün futbolçunun yalnız hansı klubda çıxış etməsinə baxmaq kifayət deyil. Onun oyun düşüncəsi, texniki imkanları, fiziki hazırlığı, taktiki intizamı, qərarvermə sürəti və inkişaf potensialı əsas meyarlar olmalıdır.
Bu baxımdan, Birinci Liqada mübarizə aparanların U-21-ə cəlb olunması yerli futbol üçün də müsbət mesajdır. Bu, aşağı liqalarda oynayan gənclərə göstərir ki, onların çıxışı izlənilir və yaxşı performans milli komandaya yüksəlmək üçün real imkan yarada bilər.
Digər tərəfdən, bu addım klublar arasında rəqabəti də artıra bilər. Futbolçu başa düşür ki, onun qarşısında yalnız öz klubunda möhkəmlənmək deyil, daha yüksək səviyyəyə yüksəlmək imkanı da var.
Bu seçimin maraqlı nümunələrindən biri Niyazi Osmanovdur. "Şimal"ın hücumçusu noyabrın 14-də Oman U-23 yığmasına qarşı keçirilən yoxlama oyununda Azərbaycan U-21 millisinin hər iki qolunu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Birinci Liqada çıxış edən futbolçunun daha yaşlı rəqibə qarşı keçirilən beynəlxalq oyunda belə nəticə göstərməsi aşağı liqalarda da diqqətəlayiq istedadların olduğunu bir daha nümayiş etdirir.
SPORTİNFO.AZ
