Bu gün I Liqada səkkizinci tur start götürəcək.
Ötən tur «Şahdağ»la ev matçına çıxmayan «Mingəçevir» bu dəfə azarkeşlərini üzməyəcək.
«Nur şəhəri»nin komandası doğma publika önündə «Baku Sportinq»lə üz-üzə gələcək.
Baş məşqçi postunda Elman Sultanovu Samir Məmmədovla əvəzləyən «işıqçılar» elə-belədən boykotu dayandırmayıb.
Onlara vəd verilib. Ki, noyabrın 20-dək 2 aylıq maaş borcunu alacaqlar.
Bu da 1 manat deyil, 2 manat deyil. Həmin vəsaiti haradan tapacaqlar? Artıq tapıblar, əslində.
Başqa bölgədən olan iş adamlarından biri «Mingəçevir»ə maddi dəstək verməyi öz üzərinə götürüb. Demə, həmin biznesmin bir müddət əvvəl də komandaya köməklik göstərib.
«Xankəndi» üzərində qazanılan 1:0 hesablı qələbəyə görə 3000 manat mükafat paylayıb. Onun köməyi ilə futbolçuların yer və qidayla bağlı problemi də həll olunub.
Ötən tur “Şahdağ Qusar”la oyuna çıxmayan “Mingəçevir”ə AFFA İNtizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilib və 3000 manat cərimələnib. Komanda növbəti dəfə oyuna çıxmayacağı təqdirdə, yarışdan kənarlaşdırıla bilər.
“Baku Sportinq”lə qarşılaşma bu gün Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək. Görüş saat 14:30-da başlayacaq.
SPORTİNFO.AZ
