I Liqada çempionluğu hədəfləyən “Səbail” daha bir oyunda qələbəsiz qaldı.
“Bank Respublika Arena”da “Gəncəbasar”la baş tutan qarşılaşma məhsuldarlığı ilə yadda qalsa da, qalib müəyyənləşmədi – 2:2.
Sportinfo.az-a açıqlama verən “dənizçilər”in hücumçusu Bahadur Həziyev maraqlı açıqlamalarla diqqət çəkdi.
- Qələbə qazanmağınıza nə mane oldu?
- “Gəncəbasar” yaxşı komandadır. Xüsusən əks-hücumları təhlükəli olurdu. Öz səhvlərimiz ucbatından yersiz qollar buraxdıq. İlk hissə tam istədiyimiz kimi olmasa da, ikinci yarı üstünlüyümüz şəraitində keçdi. Sadəcə qol şanslarından yararlana bilmədik. Növbəti matçlarda bu cür səhvlərə yol verməməyə çalışacağıq.
- “Səbail”in heyətində yer alanların böyük əksəriyyəti Premyer Liqa görmüş futbolçulardır. Legionerlərinizi də təcrübəli hesab edə bilərik. Buna baxmayaraq, əsas rəqiblərinizdən heç birini – “Karvan-Yevlax”, “Şahdağ Qusar” və “Gəncəbasarı” məğlub edə bilməmisiniz. Səbəb nədir?
- Premyer Liqa ilə I Liqanın tempi eyni deyil. Kubokda hamı gördü ki, “Zirə”ylə necə oynadıq. Güclü rəqiblə 120 dəqiqə başa-baş mübarizə apardıq. Premyer Liqa komandasına qarşı rahat oynayırdıq, I Liqada vəziyyət fərqlidir. Ola bilsin təcrübəli futbolçular liqanın ab-havasına uyğunlaşa bilmirlər.
- Bəlkə də Premyer Liqa təcrübəli futbolçularda müəyyən rahatlıq var. I Liqada tək ayaqla oynaya biləcəklərini düşünürlər.
- I Liqada ad yox, əzmkarlıq və xarakter çox vacibdir. Elə bir komanda yoxdur ki, onu ad hesabına udasan. Döyüşmək, qaçmaq, mübarizə aparmaq mütləqdir.
- Oyundan sonra rəhbər şəxslər paltardəyişmə otağına gəlmədi?
- Gəlmişdilər. Əzmkar oyuna görə təşəkkür etdilər. Udduq, yaxud uduzduq, fərq etmir, rəhbərlik hər zaman dəstək nümayiş etdirir.
- “Səbail” bu gedişlə mövsümü çempion kimi başa vura biləcək?
- Nəinki çempion olacaq, bu komanda, bu heyət Premyer Liqada oynamağa layiqdir. I Liqada elə oynamalıyıq ki, bütün rəqiblər bizdən çəkinsin, ehtiyat etsin. Rəqib komandaların heyətində futbolçular var ki, bizə qarşı meydana “biz niyə “Səbail”də deyilik” düşüncəsi ilə çıxır.
HƏBİB
