“Sportinfo”nun yaydığı məlumat Türkiyədə böyük REZONANS doğurdu!

21:20 Gündəm 96
“Sportinfo”nun yaydığı məlumat Türkiyədə böyük REZONANS doğurdu!

“Bursaspor”da işləri istədiyi kimi getməyən Toral Bayramovun buradan ayrılacağı gün kimi aydındır.

Şans qazandığı oyunlarda özünü yaxşı tərəfdən göstərə bilməməsi yerli azarkeşlərin səbr kasasını daşırıb.

Toralla bağlı saytımızda işıq üzü görən xəbər isə Türkiyəyə qədər gedib çatıb və bursalıların ürəyincə olub.

Söhbət Polşa təmsilçisi “Rakuv”un millimizin müdafiəçisi ilə maraqlanmasından gedir. Mahir Emrelinin də sıralarında olan klub qış fasiləsində Bayramovu icarəyə götürmək istəyir.

Bursanın “Timsah Haber” adlı “feysbuk” səhifəsi Sportinfo.az-ın xəbərini izləyicilərin diqqətinə çatdırıb. “Ağ-yaşıllar”a könül verənlər həmyerlimizin komandadan ayrılmaq ehtimalı ilə bağlı məlumatı az qala bayram kimi qarşılayıblar.

Şərhlərin bir neçəsini təqdim edirik:

“Kərəmlə (“Bursaspor”un qapıçısı Kərəm Matışlı – H.) birlikdə getsin, dönüşü də olmasın”.

“Polşada oynayar, bəlkə də uğur qazanar. Amma Bursada heç vaxt uğurlu ola bilməz. Buradakı azarkeşlərin çoxu futbolun nə olduğunu anlayır. Toral hər şeyi mövsümün əvvəlində itirdi. Oyunu alınmadı, stres yaşadı, kefi yerində deyil və buna görə də yaxşı etmək istədiyi şeylər belə, pis görünür. Getsin. Allah köməyi olsun”.

“Yalandırsa, doğru olsun. Sevincdən havaya uçuruq. İnşallah. İnşallah”.

“Havayı verin getsin, Türkiyəyə də giriş qadağası qoydurun”.

“Polşada rəqib qapısına qol vura biləcəyinə əmin deyiləm. Amma öz qapısından top keçirəcəyinə 100 faiz əminəm”.

“İstəyən olsa, verin getsin. “Bursaspor”da alındıra bilmədi”.

“Bu gün burada olması belə ona çoxdur. Faydasından çox ziyanı oldu bizə. Dövrə arasında yola salın getsin”.

“Uca Rəbbim, sən Polşa klubunun işlərini rahat et ki, canımız qurtarsın”.

“Gedən “Rakuv”un səhifəsinə yazaq ki, Bayramov çox yaxşı oyunçudur, alın onu”.

“Öz qapımıza vurduğu qolu polyaklara göstərsələr, transfer dərhal reallaşar”.

“3-cü liqa səviyyəsində futbolçudur, Polşada nə edəcək guya?”

Azərbaycan millisinin də şərəfini qoruyan 25 yaşlı futbolçu ağ-yaşıl formada meydana çıxdığı 11 oyunda 1 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti