“Neftçi”nin futbolçusu Viçko Şevel maraqlı karyeraya sahibdir.
Xorvatiyalı yarımmüdafiəçinin 25 yaşı olmasına baxmayaraq, indiyə qədər altı fərqli ölkədə top qovub ki, bunlardan beşində legioner həyatı yaşayıb.
Qısa müddətdə “ağ-qaralar”ın aparıcı simalarından birinə çevrilməyi bacaran Viçko vətənində “Hayduk”un, Bosniya və Hersoqovinada “Sarayevo”nun, Rusiyada “Akron”nun, Sloveniyada “Radomlye”, Şotlandiyada “Dandi Yunayted”in sıralarında olub.
Yalnız Rusiya təmsilçisinin heyətində meydana çıxmaq şansı qazanmadan iki aydan sonra Tolyatti klubunu tərk edib.
Azərbaycan onun üçün altıncı dayanacadır ki, Şevel yaydan bu yana Premyer Liqamızla bağlı müəyyən təəssüratlara sahibdir.
Xorvatiyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasını indiyə qədər oynadığı çempionatlarla müqayisə edib:
“Azərbaycan çempionatının Xorvatiya liqası ilə eyni səviyyədə görürəm. Hər iki ölkənin köklü klublarında oynamışam – Xorvatiyada “Hayduk”da, burada “Neftçi”də.
Ona görə də müqayisə etmək mənim üçün rahatdır. Rusiya ilə Şotlandiya fərqli çempionatlardır.
Bu ölkələrdə həm futbola azarkeş marağı böyükdür, həm də gücə, fiziki hazırlığa daha çox önəm verirlər. Döyüşmək, mübarizə aparmaq ön plandadır.
Sloveniya və Bosniya çempionatlarının Azərbaycan Premyer Liqasından oyun keyfiyyətində nisbətən geri qaldığını düşünürəm.
Hər ölkənin çempionatının özünə görə xüsusiyyətləri var. Eyniləşdirməli olsam, adları çəkdiyiniz ölkələrdən Xorvatiya ilə Azərbaycanın yüksək liqalarını bir tuta bilərəm”.
HƏBİB
