Bu gedişlə Emil Səfərov “Neftçi”dən ayrılacaq.
Bir neçə gün əvvəl bu barədə saytımızda məlumat vermişdik. “Neftçi” – “Kəpəz” oyunundan sonra Sportinfo.az-ın obyektivinə tuş gələn mənzərə isə xəbərimizin doğruluğunu bir daha təsdiqlədi.
Bəli, Səfərov “Neftçi”dəki durumundan məmnun deyil və qış fasiləsində komandanı tərk etmək istəyir.
“Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub ikinci hissədə beş əvəzetməyə əl atdı. Hətta 34 yaşlı Emin Mahmudovu da meydana buraxdı, lakin Emilin xidmətinə ehtiyac duymadı. Məhz bundan sonra maraqlı mənzərənin şahidi olduq.
Hakimin final fitindən sonra komanda yoldaşları qələbəyə sevinərkən Emil Səfərovun üzündən məyusluq yağırdı. Baş məşqçi Yuri Vernidub tərcüməçi Vüqar Əliyevlə birlikdə milli üzvünə yaxınlaşaraq ona təsəlli verməyə çalışırdı.
Emil isə israrla nələrisə izah etməyə, oynamaq haqqının olduğunu baş məşqçiyə anlatmaq istəyində idi. Tərəflər arasında təxminən 2-3 dəqiqə davam edən dialoqun hansı sonluqla başa çatdığını, Səfərovun söhbətdən nə dərəcədə razı qaldığını müəyyənləşdirə bilmədik.
Ancaq bir məqam diqqətimizdən yayınmadı. Emil küskün, Vernidub isə futbolçunu sakitləşdirməyə, ona təsəlli verməyə davam edirdi.
Yəqin ki, ukraynalı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Emilin də şans qazanacağını deyərək ona səbirli olmağı tövsiyə edirdi.
Hər halda, gözləyək və görək bu məsələnin axırı necə olacaq.
Biz də gözləyək. Görək, Emil Səfərovun “Neftçi”dəki gələcəyi ilə bağlı sualın cavabı necə olacaq.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
