Vernidub “Neftçi” rəhbərliyinə yeni TRANSFER SİYAHIsını veribmı?

14:25 Neftçi 51
Vernidub “Neftçi” rəhbərliyinə yeni TRANSFER SİYAHIsını veribmı?

“Neftçi”nin prezidenti Cenk Sümer “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri komandanın mövsümün ilk yarısındakı çıxışını, qış transfer dönəmi ilə bağlı planlarını və gələcək hədəflərini dəyərləndirib:

– İlk növbədə, Zəfər Günümüz mübarək olsun. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. İnşallah, ölkəmiz bir daha belə hadisələrlə üzləşməz.

– “Kəpəz”lə qarşılaşma barədə fikirləriniz necədir?
– Yaxşı oyun keçdi. Planlaşdırdıqlarımızı həyata keçirə bildik. Komanda yaxşı çıxış etdi. Baş məşqçimizdən, texniki heyətimizdən və futbolçularımızdan razıyıq. Hər kəs üzərinə düşən vəzifəni sonadək yerinə yetirdi. “Neftçi”yə yaraşan futbol sərgilədik və buna görə xoşbəxtik. Hər həftə qazandığımız nəticələr gələcəyə olan ümidlərimizi daha da artırır. Rəqibimizi də təbrik etmək istəyirəm. “Kəpəz” baş məşqçisi, komandası, rəhbərliyi, stadionu və azarkeşləri ilə yaxşı işlər görür. Diqqətimizi cəlb edirlər və çempionata rəng qatırlar. Onlar da yaxşı oynadılar, sonadək mübarizə apardılar. Meydanda yüksək səviyyəli rəqabət var idi. Bu baxımdan qarşılaşmadan məmnun qaldım.

– İlk dövrə başa çatdı və “Neftçi” lider kimi mövqeyini qorudu. Komandanın çıxışını necə qiymətləndirirsiniz? Daha yaxşı nəticələr əldə etmək mümkündürmü?
– Hədəfimiz daha yaxşı nəticələr qazanmaq və bunu davamlı etməkdir. Əsas məqsədimiz sabitliyi qorumaqdır. “Neftçi” belə xarakterə malik komandadır. Futbolçularımız bunu meydanda göstərirlər və biz də onlara inanırıq. Ancaq bu, asan deyil. Ardıcıl qələbələr qazanmaq, hər oyunda meydana çıxaraq mübarizə aparmaq çətindir. Bu mövsüm komandamızda lazımi əzmi və istəyi görürük. Ümid edirik ki, bu tempi qoruyacaq, hətta daha da artıracağıq. Çünki liqa kifayət qədər çətindir və rəqiblərimiz güclüdür. Artıq kiçik və böyük rəqib anlayışı yoxdur. Hər oyun fərqli keçir, nəticələr dəyişə bilir. Əsas məsələ mübarizənin içində qalmaq və məğlubiyyətlərlə üzləşmədən yolumuza davam etməkdir.

– Komandanın uğurlu çıxışı azarkeşləri sevindirir. Bununla yanaşı, qış transfer dönəmində qapıçı axtarışına çıxmağınızla bağlı iddialar yayılıb. Bu xəbərlər nə dərəcədə doğrudur? Yeni qapıçı transferi nəzərdə tutulubmu?
– Hələlik belə bir axtarışa başlamamışıq. Ümumiyyətlə, hər transfer dönəmində bütün mövqelər üzrə hazırlıq görürük. Futbolda hər şey mümkündür. Futbolçumuza təklif gələ, zədə problemi yaşana və ya hansısa oyunçunun performansı aşağı düşə bilər. Bu baxımdan baş məşqçinin hesabatı xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı transfer dönəmi ilə bağlı baş məşqçimizdən transfer siyasətimizə istiqamət verəcək konkret məlumat almamışıq. Bununla belə, skaut departamentimiz və futbol şöbəmiz fəaliyyətlərini davam etdirirlər. Ehtiyac yaranmasa belə, transfer bazarını izləyirik. Hazırda əməkdaşlarımız bir neçə ölkədə oyunları canlı izləyirlər. Onlar milli komandaların fasiləsindən əvvəl keçirilən son tur matçlarını da diqqətdə saxlayıblar. Gələcək hesabatları və büdcəmizi nəzərə alaraq hədəflərimizə uyğun transferlər həyata keçirəcəyimizi düşünürəm.

– “Neftçi”nin son oyunlarda daha inamlı çıxış etməsində və nəticələr qazanmasında heyət dərinliyinin də rolu görünür. Ehtiyatdan meydana daxil olan futbolçuların nəticəyə təsir göstərməsi bunu təsdiqləyir. Ehtiyat qüvvənin geniş olması komandanın çıxışına nə dərəcədə təsir edir?
– Doğru qeyd edirsiniz. Heyət dərinliyi ilə bağlı gördüyümüz işlər əvvəlcədən aparılan planlaşdırmanın nəticəsidir. Xatırlayırsınızsa, mövsümün əvvəlində də burada sizinlə görüşərkən artıq planlaşdırmaya başladığımızı bildirmişdik. Bu, ötən mövsümdən etibarən hazırladığımız strategiyanın ilk mərhələsi idi. Hazırda meydanda gördüyünüz futbolçulardan 4-5-i məhz həmin planlaşdırmanın nəticəsidir. Daha sonra yay transfer dönəmində Varqas istisna olmaqla, 9 futbolçu transfer etdik. Onların komandaya uyğunlaşması və adaptasiyası da müəyyən vaxt tələb edirdi. Biz nəzərdə tutduğumuz plan üzrə irəliləyirik. Qarşıda bizi yeni mərhələlər gözləyir. Çünki “Neftçi”nin inkişafı üçün üç transfer dönəmini əhatə edən proses planlaşdırmışdıq. Bu müddətdə səbirli olmaq vacib idi. Düşünürəm ki, ilk mərhələni düzgün keçdik. Ancaq bu prosesi davam etdirməliyik. Bütün komandalarımızda eyni ciddiyyəti və çalışqanlığı qorumaq önəmlidir. Ehtiyatdan meydana daxil olan futbolçuların komandaya verdiyi töhfəni oyunlarda aydın görürük. Məqsədimiz də məhz bu idi. Buna nail olduğumuz üçün məmnunuq. Bu işdə texniki heyətimizin də böyük əməyi var.

– Komandanın çempionluq uğrunda mübarizəsi və ya lider mövqedə olması qış transfer dönəmindəki planlarınıza təsir göstərə bilərmi?
– Bəli, təsir göstərə bilər. Bütün ehtimalları, müsbət və mənfi amilləri nəzərə almalıyıq. Ancaq hazırda əsas məsələ transferdən daha çox mövcud heyəti qorumaq və komandanı inkişaf etdirməkdir. Ola bilsin ki, az oynayan və ya hələ gözlənilən səviyyədə fayda verməyən futbolçularımız var. Onların meydana qayıdaraq komandaya daha çox töhfə verməsi də bir növ transfer hesab oluna bilər. Bizim üçün hər qəpik dəyərlidir. Vəsaitimizi düşünülməmiş şəkildə xərcləyə bilmərik. Bu məsələdə diqqətli, qənaətcil və səmərəli davranmalıyıq. Heyətimizdə hələ daha çox fayda götürə biləcəyimiz futbolçular var. Onlardan nəticə gözləyirik. Buna görə də transfer məsələsini hazırda ikinci planda saxlayırıq.

– Komandanın kapitanı Emin Mahmudov milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb. Onun gələn yay “Neftçi” ilə müqaviləsinin müddəti başa çatır. Karyerasını məhz “Neftçi”də bitirməsi ilə bağlı aranızda hər hansı danışıq olubmu?
– Xeyr, hazırda müqavilənin yenilənməsi ilə bağlı konkret vəziyyət yoxdur. Çünki onunla 1+1 illik müqavilə imzalamışıq. İlk növbədə Eminin uzun illər ərzində milli komandaya verdiyi töhfəni xüsusi qeyd etmək istəyirəm. Düşünürəm ki, qarşıdakı oyun onun möhtəşəm karyerasına layiqli yekun olacaq. Buna görə həyəcanlıyıq. Məsələ milli komanda ilə bağlı olduğundan, belə dəyərli futbolçunun yığmadan ayrılmasına üzülürəm. Bununla yanaşı, həm Emin, həm də “Neftçi” adına qürur duyuram. Belə medallara və uğurlara layiq futbolçunun komandamızda olması bizim üçün çox önəmlidir. O, bizim kapitanımızdır və onunla fəxr edirik. Emin Mahmudovun kapitanımız olduğu hər kəs tərəfindən bilinməlidir.

– Son vaxtlar Breno ilə bağlı müxtəlif xəbərlər yayılır. Klub onunla əlaqədar indiyədək hər hansı rəsmi təklif alıbmı?
– Kiprdən təklif gəlib. Yaxşı çıxış edən futbolçularla bağlı belə xəbərlərin yayılması normaldır. Breno hazırda bombardirlər siyahısında ön sıralardadır və uğurlu mövsüm keçirir. Biz də onu məhz belə çıxış etməsi üçün transfer etmişdik. Eyni sözləri digər futbolçularımız haqqında da demək olar. Hazırda əsas hədəfimiz mövsümün sonunda çempion olmaq və klubumuzun 90 illiyinə layiq şəkildə kuboklar qazanmaqdır.

– “Kəpəz”in azarkeşlərini xüsusi qeyd etdiniz. Ancaq “Neftçi” hazırda liderdir və yaxşı oyun nümayiş etdirir. Buna baxmayaraq, tribunalar hələ də istənilən səviyyədə dolmur. Sizcə, bunun səbəbi nədir?
– Bu, bizim ən böyük problemlərimizdən biridir. Azarkeşlərimizi məbədimizə, tribunalarımıza dəvət edirik. Əlbəttə, hər kəsin stadiona gəlməmək üçün özünə görə məntiqli səbəbləri ola bilər. Ancaq “Neftçi” bugünkü kimi boş tribunalar qarşısında oynamağa layiq deyil. Azarkeşlərimiz üçün hər şeyi hazırlamağa çalışırıq və bu istiqamətdə ciddi işlər görürük. Gələcəkdə onları daha gözəl yeniliklər gözləyir. Milli komandaların fasiləsindən sonra klubda da müəyyən dəyişikliklər nəzərdə tutulub. Qapımız azarkeşlərimizin üzünə hər zaman açıqdır. Bura onların evidir. İstəyirik ki, özlərini burada rahat hiss etsinlər, stadionumuza gəlsinlər, komandamıza dəstək olsunlar və gücümüzə güc qatsınlar. Azarkeşsiz bu işi həyata keçirmək mümkün deyil. Bu gün stadionda olan, 90 dəqiqə ərzində komandamızı dəstəkləyən və tribunadan səsini əsirgəməyən bütün azarkeşlərimizə ayrıca təşəkkür edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə