“Neftçi” Şamaxı səfərindən 3 xalla qayıtmaqla (3:2) yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəldi.
Bu mənzərənin yaranmasında hesabat turunda “Qarabağ”la “Sabah”ın xal itirməsi də əsas rol oynadı.
Nəticələr baxımından “ağ-qaralar”da vəziyyət ürəkaçandır. Komandada üzlər gülür, əhval-ruhiyyə yüksəkdir.
Ancaq bir məqam var ki, ona xüsusi diqqət yetirmək lazımdır. Söhbət “Neftçi”nin futbolçularının çoxsaylı vərəqələr almasından gedir.
Geridə qalan 10 turda paytaxt təmsilçisinin futbolçuları iki dəfə qırmızı, 26 dəfə isə sarı vərəqə ilə cəzalanıblar. Bu, hər oyuna orta hesabla təxminən üç “sarı” deməkdir. Bu göstəricini heç də az hesab etmək olmaz.
Vərəqələrin çoxluğu qarşıdakı turlarda baş məşqçi Yuri Vernidubun işini çətinləşdirə bilər. Hazırda komandanın əsas heyət üzvlərindən dördü sarı vərəqə limitinin “qapısındadır”.
Bunlar Elvin Bədəlov, Falaye Sako, Lyubomir Tupta və Qustavo Klismandır.
Üstəlik, İqor Ribeyro da hazırda cəzalıdır və daha bir oyunu kənardan izləmək məcburiyyətindədir.
Ukraynalı mütəxəssisin futbolçularla vərəqə barədə söhbət aparması mütləqdir. Gərəksiz “sarı” və “qırmızı”lar komandaya baha başa gələ bilər.
Əks halda, növbəti turlarda vərəqələr üzündən itkilərlə üzləşmək qaçılmaz olacaq.
Aparıcı futbolçuların cəza səbəbindən meydana çıxa bilməməsi isə istər-istəməz komandanın oyun planına və nəticələrinə təsir göstərəcək.
Çempionluq mübarizəsində iddialı olan “Neftçi” üçün belə itkilər arzuolunmazdır.
HƏBİB / SPORTİNFO.AZ
