“Neftçi” üçün həyəcan təbili - Təhlükə var!

21:20 Neftçi 255
“Neftçi” üçün həyəcan təbili - Təhlükə var!

Çempionluğa iddialı “Neftçi” daha bir çətin sınaq qarşısındadır.

Son həftələrdə azarkeşlərini qələbə ilə sevindirə bilməyən “ağ-qaralar” 10-cu turda Şamaxıda yerli komandanın qonağı olacaq.

Hazırkı mənzərəyə nəzər salsaq, paytaxt təmsilçisinin işinin heç də asan olmayacağını söyləyə bilərik.

Yuri Vernidubun çalışdırdığı kollektiv artıq 3 oyundur qələbəyə həsrətdir. “Neftçi” sonuncu dəfə təxminən ayyarım əvvəl - sentyabrın 18-də səfərdə “Qəbələ” üzərində qələbə qazanıb - 3:0.

Həmin vaxtdan bu yana “Qarabağ”, “Sabah” və “Turan Tovuz”la qarşılaşan bakılılar bütün oyunları heç-heçə ilə başa vurublar.

“Şamaxı”nın bu görüşdəki üstünlüyü doğma meydanda uğurlu çıxış etməsidir. Geridə qalan 9 turda “şirlər” öz azarkeşləri önündə 2 oyun keçirib və hər iki halda qələbə qazanıb.

Əvvəlcə “Araz-Naxçıvan”ı məğlub edən (2:1) bölgə təmsilçisi ikinci matçda “Şəfa” üzərində möhtəşəm geridönüşə imza ataraq 3:2 hesablı qələbəyə sevinib.

Bu isə o deməkdir ki, “Şamaxı” cari mövsümdə doğma meydanda hələ məğlubiyyət üzü görməyib.
Bölgə təmsilçisinin xeyrinə işləyə biləcək digər amil isə süni örtükdür.

Şamaxılılar bu “sintetika”ya daha yaxşı bələddir. Əsasən təbii örtüklü meydanlarda oynamağa öyrəşən və yaradıcı futbola üstünlük verən “Neftçi” üçün süni örtük əlavə çətinlik yarada bilər.

Paytaxt təmsilçisinin son illərdə Şamaxıda keçirdiyi oyunlara nəzər salsaq, burada hər zaman çətinliklə üzləşdiyini, bir çox hallarda xallar itirdiyini görərik. Bu baxımdan qarşıdakı görüş “Neftçi” üçün növbəti ciddi sınaq olacaq.

Azər Bağırovun gəlişindən sonra uğurlu nəticələrlə diqqət çəkən və bir sıra sürprizlərə imza atan “Şamaxı”nın bu dəfə də “Neftçi”ni büdrədib-büdrətməyəcəyi maraq doğurur.

9 turdan sonra aktivində 13 xal olan bölgə təmsilçisi qələbə qazanacağı təqdirdə turnir cədvəlində 2-3 pillə irəliləyərək avrokubok zonasına daha da yaxınlaşa bilər.

“Neftçi”nin mümkün məğlubiyyəti isə komandanın vəziyyətini daha da çətinləşdirəcək.
Hətta heç-heçə belə, çempionluğa iddialı kollektivin xal itkisi seriyasını uzadacaq və liderlik uğrunda mübarizədə işini mürəkkəbləşdirəcək.
Noyabrın 1-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti