“Neftçi”də belə özbaşınalığa yer olmamalıdır!

14:00 Neftçi 278
“Neftçi”də belə özbaşınalığa yer olmamalıdır!

Futbolda hər bir oyunçu qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edə bilər.

Bu, oyunun əvvəlində də baş verə bilər, sonlarında da. Ancaq əsas məsələ qırmızı vərəqənin hansı vəziyyətdə və hansı səbəbdən alınmasıdır.

Əgər futbolçu rəqibi aşkar qol imkanından məhrum edirsə, artıq qola gedən rəqibin qarşısını almaq üçün qayda pozuntusuna əl atırsa, bu, müəyyən mənada başadüşüləndir.

Yaxud rəqibin təxribatına, təhqirinə məruz qalırsa və emosiyalarına hakim ola bilməyərək qarşılıq verirsə, insani baxımdan bunu müəyyən qədər anlamaq mümkündür.

Amma tamamilə lazımsız epizodda komandasını azlıqda qoymaq, özü də bunu dəfələrlə təkrarlamaq artıq bağışlanmazdır. Belə davranışın nə idman prinsipləri, nə də peşəkar futbolçu məsuliyyəti ilə izahı var.

Söhbət “Neftçi”nin braziliyalı müdafiəçisi İqor Ribeyrodan gedir.

Ribeyro Azərbaycana gəldiyi vaxtdan “Araz-Naxçıvan”la “Neftçi”nin formasında “Turan Tovuz”a qarşı 11 oyunda meydana çıxıb. Bu qarşılaşmaların 7-də “Araz-Naxçıvan”, digər 4-də isə “Neftçi”nin formasını geyinib. Braziliyalı müdafiəçi bu oyunların 3-də qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Bu, artıq təsadüf sayıla bilməz. Söhbət bir futbolçunun eyni rəqibə qarşı keçirdiyi 11 oyundan 3-də komandasını azlıqda qoymasından gedir. Üstəlik, sonuncu qarşılaşmada onun hərəkətinə bəraət qazandırmaq xüsusilə çətindir.

Bazar günü keçirilən “Neftçi” – “Turan Tovuz” qarşılaşmasında Ribeyro ikili mübarizə zamanı ayağını təhlükəli şəkildə qaldıraraq İbrahima Vadjinin baş nahiyəsinə zərbə endirdi. Hakimin bu hərəkətə görə qırmızı vərəqə göstərməsi tamamilə doğru qərar idi. Belə təhlükəli müdaxilənin bir cavabı var idi – “qırmızı”!

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub da oyundan sonrakı mətbuat konfransında futbolçusunun kobud səhvə yol verdiyini, lazımsız epizodda meydandan qovularaq komandasını çətin vəziyyətə saldığını etiraf etdi.

Deməli, məsələ yalnız kənardan baxanların iradı deyil. Komandanın baş məşqçisi də futbolçusunun məsuliyyətsizliyini qəbul edir və açıq şəkildə dilinə gətirir.

“Neftçi” rəhbərliyi İqor Ribeyroya qarşı ciddi intizam tədbiri görməlidir. Futbolçuya böyük məbləğdə pul cəriməsi kəsilməsi və ya müəyyən müddətə əsas komandadan kənarlaşdırılması qaçılmazdır.

Hansı cəzanın verilməsindən asılı olmayaraq, əsas məqsəd futbolçuya öz davranışının nəticələrini başa salmaq və gələcəkdə belə halların təkrarlanmasının qarşısını almaqdır.

Bu, təkcə Ribeyronun fərdi səhvi deyil. O, öz hərəkəti ilə komandasını çətin vəziyyətə salır, kollektivin əməyini heçə endirir, baş məşqçinin planlarını pozur və azarkeşlərin qələbə ümidini puç edir.

“Turan Tovuz”la qarşılaşmada “Neftçi”nin vacib 2 xaldan olmasının əsas səbəbkarı İqordur. Sona qədər oynasaydı, “ağ-qaralar”ın qələbə qazanmaq şansı artacaqdı.

Sözsüz, yekun nəticəni bir epizoda bağlamaq doğru olmaz. Amma braziliyalı müdafiəçinin məsuliyyətsizliyi paytaxt təmsilçisinin işini ciddi şəkildə çətinləşdirdi.

“Neftçi” Azərbaycan futbolunun ən köklü və iddialı klublarından biridir. Belə bir komandada özbaşınalığa, məsuliyyətsizliyə və kollektivin maraqlarını ayaqlarının altına atan davranışlara və futbolçulara yer olmamalıdır.

Peşəkar futbolçu meydana yalnız özünü göstərmək üçün çıxmır. O, klubun, komandanın, məşqçilərin, klub rəhbərliyinin və onminlərlə azarkeşin məsuliyyətini daşıyır. Bu etimadın qarşılığında isə məsuliyyət nümayiş etdirmək məcburiyyətindədir.

İndi “Neftçi” rəhbərliyinin və baş məşqçinin qarşısında iki seçim imkanı yaranıb: ya futbolçunun davranışına göz yummaq, ya da hamıya nümunə olacaq prinsipial qərar vermək.

Belə hərəkət cəzasız qalmamalıdır!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti