“Neftçi” üçün təcili axtarış!

21:00 Neftçi 329
“Neftçi” üçün təcili axtarış!

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Neftçi”də transfer işləri sürətləndirilib.

Baş məşqçi Yuri Vernidub klubun menecerləri və seleksiya xidmətinin əməkdaşları ilə birlikdə komandanın gücləndirilməsi yönündə ciddi səylə çalışır.

Hazırda bəzi mövqelərin güclənməsinə ciddi zərurət yaranıb.

“Çərçivə” ilə bağlı problem yoxdur. Emil Balayev, Rza Cəfərov və Kenan Piriç ukraynalı çalışdırıcının ixtiyarındadır.

Müdafiənin mərkəzində İqor Ribeyro, Murad Xaçayev və Elvin Bədəlov var. Lakin bu, bir neçə cəbhədə mübarizə aparacaq komanda üçün yetərli sayıla bilməz. “Ağ-qaralar” azı İqor səviyyəsində stoper tapmalıdır.

Müdafiənin cinahları Falaye Sako ilə Mustafa Sekin ümidinə qalıb. Sekin bacarığının “Neftçi” üçün yetərli olmadığını, Rüfət Abbasovun təcrübəsizliyini, Sakonun zədələnmək ehtimalını nəzərə alsaq, hər iki cinahda oynaya biləcək universal “sağ-sol bek”in gətirilməsi vacibdir. Ən pis halda müdafiənin sağının güclənməsinə ehtiyac duyulur.

Yarımmüdafiənin mərkəzində ciddi problem müşayiət olunmur. Emil Səfərov, İfeanyi Metyu və Sessi Dalmeydanın klubla müqaviləsi davam edir. Emin Mahmudov və Freddi Varqasla yeni sözləşmənin imzalanması ehtimalı yüksəkdir.

Yarımmüdafiənin cinahlarında İmad Farajla Breno Almeydanın varlığı “Neftçi” üçün faydalıdır. Lakin onları əvəz edə biləcək layiqli biri varmı?

Luis Ortizlə icarə müqaviləsi çox güman uzadılmayacaq. Alessio Kurçi isə beynəlxalq səviyyədə tələblərə cavab verə biləcək gücdə deyil. Andrey Ştoqrinin yola salınması ilə bağlı müzakirələr aparılır. Belə olduğu halda hər iki cinahda yararlı ola biləcək yeni transferə ehtiyac var.

Hücum xəttinə gəlincə, Bassala Sambunun “Neftçi”dəki gələcək taleyi qeyri-müəyyəndir. Ağadadaş Salyanski isə ümidləri doğrultmur. Digər mövqelərdəki boşluqları hardasa ört-basdır etmək olar. Lakin forvard transferləri mütləqdir.

Qısası, hazırkı “Neftçi”yə Konfrans Liqasındakı matçlara qədər azı dörd yeni futbolçu lazımdır.

Cinah müdafiəçisi, stoper, cinah yarımmüdafiəçisi və hücumçu.

Paytaxt təmsilçisi yaxın 2-3 həftə ərzində boşluqları aradan qaldırmalıdır. Əks halda indiki heyətlə uzağa getmək mümkün olmayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti