"Neftçi" qış fasiləsindən sonra ilk matçını səfərdə "Sabah"a qarşı keçirdi.
Qolsuz bərabərliklə bitən qarşılaşma həm də Miodraq Bojoviçin rəhbərliyi altında "ağ qaralar"ın keçirdiyi ilk rəsmi matç kimi yadda qaldı.
Ona görə də diqqətlər xüsusilə "Neftçi"yə yönəlmişdi.
Görəsən, komanda necə təsir bağışlayacaq?
Təbii ki, bir matçla Bojoviçin işinə qiymət vermək mümkün deyil.
Lakin bir məşq də yetərlidir ki, hansısa fərqin olub-olmadığını sezə biləsən.
"Sabah" önündəki "Neftçi"də müsbət elementlər gözə dəydiyini mütləq qeyd etmək olar.
Ən azından bilinirdi ki, meydandakı futbolçuların kənarda bir baş məşqçisi var.
Daha Mutunun dönəmindəki pərakəndə kollektiv deyil.
Futbolçuların nə etmək istədiyini görürdün.
Fərdlər arasında nizamlı bir hərəkət açıq hiss olunurdu.
İstər hücum, istərsə də müdafiə planında.
Yaradıcılıq baxımından ciddi axsama diqqətdən qaçmadı.
Məsələn, Kilan Lebon, Rezuan Mirzov kimi vingerlər meydanda olsaydı yəqin ki, irəlidə daha dinamik komanda görə bilərdik.
Faktiki olaraq Boqomolskinin ümidinə qalan hücum xəttinin dişsizliyinə görə yeni çalışdırıcıya irad bildirmək olmaz.
Görünən o idi ki, Bojoviç Murad Musayevə qarşı düzgün taktika seçə bilmişdi.
Rəqibinə orta xəttə oynamağa imkan vermirdi. Özü isə daha çox uzun ötürmələrlə hücumlar qurmağa çalışırdı.
Bu məqamda Rəhman Hacıyevin sürətinə daha çox bel bağlanırdı.
Hətta bir epizodda Rza Cəfərovun oyuna başlarkən öndə boş qalan Hacıyevi görməməsi 55 yaşlı mütəxəssisi əsəbiləşdirdi.
Bu gediş yəqin ki, "tələblər"in ağır mərkəz müdafiəçilərinə görə hesablanmışdı.
Əslində düzgün seçim idi. Sadəcə Maruan Hadudi, Sofian Çakla ikilisi təcrübələri ilə ləng olmalarını sığortalaya bilirdilər.
Bilirik ki, "Sabah" ən təhlükəli mövqeyi Boyan Letiçin yer aldığı sol cinahdır. Murad Musayev demək olar bütün hücumları serbiyalının köməyilə qurur. Bu görüşdə "7 nömrə" tamamilə zərərsizləşdirilmişdi.
Qısası, 18 turdan sonra ilk dəfə meydanda neyləmək istədiyini bilən "Neftçi" vardı. Təbii ki, bu da bir başa baş məşqçinin əl işidir.
Ancaq nə istədiyini bilən futbolçuların həmin istəkləri hansı formada yerinə yetirib-yetirmədiyi isə başqa söhbətin mövzusudur.
XANOĞLAN İMANOV

