“Qalatasaray”ın idman direktoru “Sportinfo"ya danışdı - “Qarabağ”dan kimi istəyirlər?

5 Fevral 20:00 Müsahibə 2 900
“Qalatasaray”ın idman direktoru “Sportinfo"ya danışdı - “Qarabağ”dan kimi istəyirlər?

“Səbail” – “Qarabağ” matçını stadionda izləyənlər arasında “Qalatasaray” rəsmisi də var idi.

İdman direktoru Cenk Ergün sosial şəbəkə hesabında “ASCO Arena”dan şəkil paylaşaraq Bakıya səfər etdiyinə dair mesaj vermişdi.

Təbii ki, Cenk bəylə danışmaq, paytaxtımıza gəlişinin səbəbini öyrənmək, Toral Bayramovun karyerasını “Qalatasaray”da davam etdirmək perspektivi ilə bağlı suallara cavab tapmaq xoş olardı.

“Qalatasaray” rəsmisi arenada danışmaq istəməməsini tələsməsi ilə əlaqələndirsə də, sonra Sportinfo.az-a müsahibə verdi.

- Çətin səfər qarşılaşmasında “Samsunspor”u məğlub etməyi bacardınız (2:0). “Fənərbağça” ilə amansız mübarizədə çempionluq şansları nə dərəcədə real görünür?

- Bəli, məhz amansız mübarizə gedir. Çox çətin Samsun səfərindən qalibiyyətlə qayıtdığımız üçün məmnunuq. Klubumuzun prezidentinin də dediyi kimi, hədəfə çatmaq üçün klub və komanda olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Avropa Liqasında “Sparta Praqa” ilə qarşılaşacaqsınız. Çexiya təmsilçisi ilə matçlardan nə gözləyirsiniz?

- Avropa Liqasının bu mərhələsində bütün komandalara hörmətlə yanaşmağa borcluyuq. Əlbəttə, çətin olacaq. “Sparta Praqa” zəngin tarixə malik, özünəməxsus futbol fəlsəfəsi olan komandadır. “Qalatasaray” qatıldığı hər turnirdə qələbə qazanmaq üçün mübarizə aparır. Hədəfimiz dəyişməz qalır – iki oyunun nəticəsinə görə mərhələni adlamaq istəyirik. Fürsətdən istifadə edib “Qarabağ”a “Braqa” ilə oyunlarda uğurlar arzulayıram.

- Yeri gəlmişkən, püşk ərəfəsində “Qalatasaray”ın bu mərhələdə “Qarabağ”la üzləşmək şansı vardı və bu məqam Azərbaycanda ciddi marağa səbəb olmuşdu. Həmin an klubda vəziyyət necəydi? “Qarabağ”la oynamaq istəyirdiniz, yoxsa əksinə?

- Bəzən “Qarabağ”dakı dostlarla danışanda deyirik ki, nə vaxtsa püşk bizi rəqib etsə, bunu irəliləyən turlarda etsin, indi yox. Bu dəfə rəqib olmadıq. Hər iki komanda mərhələni adlasa, yenə rəqib olmayacağıq. Avropa Liqasının finalda qarşılaşsaq, çox yaxşı olar.

- Azərbaycan Premyer Liqasının matçını izlədiniz. Buna qədər də hansısa oyunlara baxmışdınızmı? Çempionatımızın səviyyəsi ilə bağlı düşüncələriniz maraqlıdır.

- Təbii, izləyirəm, bəzən “Qarabağ”dakı dostlarımızla da müzakirə edirik. Bildiyim və gördüyüm etibarilə komandalar arasında ciddi rəqabət var. “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışına görə artıq Avropa bazarının Premyer Liqaya diqqəti artıb. Hətta Asiyanın maddi gücü yaxşı olan klublarından belə, “Qarabağ”ın futbolçuları ilə maraqlanırlar. Azərbaycan futbolundakı inkişafı görmək bizə də zövq verir.

- “Qarabağ”ın iki futbolçusu – Toral Bayramovla Elvin Cəfərquliyevin adı “Qalatasaray”la yanaşı hallanırdı. Bakıya səfərinizin kökündə adıçəkilən futbolçuları yaxından izləmək, “Qarabağ”la bu yöndə danışıq aparmaq tapşırığı dayanır?

- “Qarabağ” rəsmiləri ilə uzun illəri əhatə edən dostluq münasibətimiz var. Ötən il Türkiyədəki zəlzələdən sonra komandalar arasında Bakıda baş tutan və böyük marağa səbəb olan qarşılaşma da aradakı dostluğun bəhrəsi idi. Həmin oyundan sonra dostluq münasibətlərimiz bir az da inkişaf etdi. Türkiyədə və Azərbaycanda mütəmadi görüşlərimiz olur. Aşağı yaş qrupları, əsas komanda, marketinq kimi mövzularda işbirliyi qurmaqda maraqlıylıq. Bakıya səfərimin kökündə dayanan iki klub arasındakı münasibətləri və işbirliyini möhkəmləndirməkdir.

- Belə başa düşdüm ki, “Qalatasaray” “Qarabağ”ın bu iki futbolçusu ilə maraqlanmır.

- Xeyr, bu gün belə bir fikrimiz yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti