Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb.
Mateus Silva və Marko Yankoviç söz davasına çıxıb. Komanda yoldaşları onları güclə sakitləşdirib. Qurban Qurbanov isə fasilədə hər iki oyunçunu əvəzləyib.
“Qarabağ”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:
"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük.
Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam.
Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".
Əldə etdiyimiz son dəqiqə məlumatına görə, Mateus Silva və Marko Yankoviçin qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılması gözlənilir.
Yol verdiyi yanlış hərəkətlərə görə bu cütlüyün əvəzedici heyətə "sürgün" olunması gündəmdədir. Üstəlik, tərəflər böyük miqdarda cəriməni gözlərinin altına almalıdırlar.
Hər halda Qurban Qurbanov onları bağışlamayacağını özlərinə bildirib. Təcübəli mütəxəssis daxili nizam-intizam kodeksinə əsasən, sərt tədbir görəcəyini diqqətlərinə çatdırıb.
SPORTİNFO.AZ
