Futbolda peşəkar, sosial şəbəkələrdə fenomen - “Kral”ın fərqli həyatı

20:40 Sabah 106
Futbolda peşəkar, sosial şəbəkələrdə fenomen - “Kral”ın fərqli həyatı

Sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Adi vətəndaşlar kimi, futbolçular da asudə vaxtlarının müəyyən hissəsini burada keçirirlər.

Lakin təcrübə göstərir ki, sosial şəbəkələrə, müxtəlif paylaşımlara, videolara, şəxsi həyata həddindən artıq vaxt ayıran futbolçular yaşıl meydanlarda heç də həmişə uğurlu olmurlar.

Təbii ki, dünya ulduzlarının əksəriyyətinin sosial media hesablarını idarə edən xüsusi menecerləri var. Ancaq sıravi futbolçularda, xüsusən də Azərbaycan futbolunda vəziyyət bir qədər fərqlidir.

Bəzən sosial şəbəkələrə və xanımlarına həddindən artıq vaxt ayırmaq futbolçuların diqqətini yayındırır, onların hazırlıq prosesinə və idman formasına mənfi təsir göstərir. Toral Bayramovun timsalında dəfələrlə bunun şahidi olmuşuq.

Maraqlıdır ki, bu fikirlər “Sabah”ın futbolçusu Timoteuş Puxaça qətiyyən aid deyil.

Ölkəmizə gəldiyi gündən məhsuldar ötürmələri ilə diqqət çəkən, bir növ “assist kralı” kimi tanınan polşalı müdafiəçi sabit oyunu ilə seçilməklə yanaşı, sosial şəbəkələrdə də kifayət qədər aktivdir.

Həm də, Puxaç bunu təkbaşına etmir. O, həyat yoldaşı ilə birlikdə müxtəlif videolar çəkir, “reels”lər hazırlayır, vloglar paylaşır, izləyicilərini az qala gündəlik həyatından xəbərdar edir.

Polşalı futbolçu bir tərəfdən vacib oyunlara hazırlaşır, yaşıl meydanlarda çətin sınaqlardan keçir, digər tərəfdən isə fürsət düşən kimi xanımı ilə birlikdə sosial şəbəkələr üçün maraqlı kontentlər hazırlayır.

Hətta zaman-zaman izləyicilərinin suallarını cavablandırmağa, onlarla ünsiyyət qurmağa da vaxt tapır.

Bütün bunlar Puxaçın enerjisindən, vaxtını düzgün bölüşdürmək bacarığından və peşəkarlığından xəbər verir.

Kaş azərbaycanlı futbolçular da sosial şəbəkələrlə yaşıl meydanlar arasında bu cür balans qura biləydi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti