1:9 - Bu biabırçılğın arxasında kimlər dayanır?

16:40 I Divizion 234
1:9 - Bu biabırçılğın arxasında kimlər dayanır?

MOİK (Mərkəzi Ordu İdman Klubu) Azərbaycan futbolunda özünəməxsus tarixi və ənənələri olan idman klublarından biridir.

Hərbi idman ənənələri ilə bağlı olan belə bir klubun Azərbaycan futbolunda rəqabətədavamlı mövqedə olması, özünəinamlı futbol nümayiş etdirməsi və kubok yarışlarında iddialı çıxış etməsi vacibdir.

Buna görə də ölkə kubokunun ikinci təsnifat mərhələsində “Şahdağ Qusar”a 1:9 hesabı ilə məğlub olması ciddi suallar yaradır.

Ən vacib məqam isə budur: MOİK-in futbolçu heyətinə baxdıqda, komandanın belə böyük hesabla məğlub olmasını yalnız oyunçuların fərdi keyfiyyəti ilə izah etmək düzgün olmaz.

Zeynal Əhmədzadə, Nihad Qurbanlı, Zahid Mərdanov, Elvin İsmayılov, Balamirzə Soltanov, Məzahir Məmmədzadə, Qurban Səfərov, Kanu Uda və Maharafa Tandini kimi futbolçuların yer aldığı heyət var.

Ehtiyat oyunçular sırasında isə Emin Zamanov, Alexandro Herrera, Ceyhun Muxtarlı və digər futbolçular yer alır. Bu heyətin imkanlarından düzgün istifadə edilməsi, oyun planının rəqibə uyğun hazırlanması və kollektivin müdafiə təşkilatının gücləndirilməsi mütləq müzakirə olunmalıdır.

MOİK-in heyətində təcrübəli futbolçuların olması və müxtəlif mövqelərdə seçim imkanlarının mövcudluğu komandanın daha rəqabətədavamlı futbol nümayiş etdirməsi üçün əsas yaradır.

Əlbəttə, yalnız adlara və futbolçuların fərdi keyfiyyətlərinə əsaslanaraq nəticəyə zəmanət vermək olmaz. Lakin bu heyətin potensialından nə dərəcədə səmərəli istifadə edildiyi, futbolçuların meydandakı funksiyaları və komandanın taktiki hazırlığı ciddi şəkildə təhlil olunmalıdır.

Burada baş məşqçi İlham Yadullayevin fəaliyyətinə və klub rəhbərliyinin qərarlarına da ciddi suallar ünvanlamaq lazımdır. Artıq ikinci ildir ki, bu büdcə və mövcud imkanlar fonunda məşqçiyə göstərilən yüksək etimadın hansı konkret nəticələrə hesablandığı aydın deyil.

Futbolda məşqçiyə güvənmək vacibdir, lakin bu etimad nəticələr, inkişaf dinamikası və komandanın oyun keyfiyyəti ilə əsaslandırılmalıdır. Əgər eyni yanaşma davam edir, amma meydanda gözlənilən irəliləyiş görünmürsə, rəhbərlik öz strategiyasını yenidən nəzərdən keçirməlidir.

Əsas sual budur: MOİK bu yanaşma ilə hara gedir? Klubun məqsədi yalnız çempionatda iştirak etməkdir, yoxsa daha yüksək nəticələr uğrunda mübarizə aparmaq?

Büdcə, futbolçu seçimi və məşqçiyə göstərilən etimad müəyyən iddialar yaradırsa, bu iddiaların meydanda qarşılığı olmalıdır. Əks halda, iki il ərzində eyni məşqçi modelinə və eyni idarəetmə yanaşmasına davam etməyin nə dərəcədə düzgün olduğu ciddi müzakirə mövzusuna çevrilir.

“Şahdağ Qusar”la oyundakı 1:9 hesablı məğlubiyyət bu sualları daha da aktuallaşdırır. Söhbət bir məğlubiyyətə görə məşqçini dərhal dəyişməkdən getmir.

Söhbət mövcud resurslardan necə istifadə olunmasından, komandanın oyun fəlsəfəsindən, taktiki hazırlığından və inkişaf perspektivindən gedir.

Rəhbərlik artıq ikinci ildir göstərdiyi etimadın hansı nəticələr verdiyini konkret göstəricilər əsasında qiymətləndirməlidir. Əgər inkişaf yoxdursa, sadəcə məşqçiyə güvənmək naminə eyni istiqamətdə davam etmək düzgün idarəetmə yanaşması sayıla bilməz.

Digər tərəfdən, “Şahdağ Qusar”ın qələbəsini də kiçiltmək olmaz. Qusar təmsilçisi qarşılaşmada yaratdığı imkanlardan səmərəli istifadə edib və 9 qol vurub.

Bu nəticə rəqibin uğurlu çıxışını göstərsə də, MOİK-in futbolçu potensialı haqqında yekun hökm kimi qəbul edilməməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti