"Qarabağ"ın hücumçusu Əli İbrahimov Yunanıstandan geri qayıdıb.
Bu barədə Sportinfo.az-a Ağdam klubunun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun bildirdiyinə görə, 18 yaşlı forvard "Olimpiakos"un düşərgəsində təcrübə müddətini başa vurub:
"O, bizə baxışa getdiyini deməmişdi. İlk gündən sözü bu olmuşdu ki, orada təcrübə keçəcək. Yunanların Əliylə bağlı nə düşündüyünü bilmirik. Bizə heç bir sorğu daxil olmayıb.
Onunla müqavilə bağlamaq fikirləri olsa, "Qarabağ"a məktub göndərərlər. Lakin indiyədək nə şifahi, nə də rəsmi surətdə müraciət olub".
Əli karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.
"Əməkdar Məşqçi" bundan əvvəl 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət komandasını, 2009-cu ildən 2024-cü ilədək isə Küveytin böyüklərdən ibarət millisini çalışdırıb.
Gənc istedadın atası oradan təklif alıb. Yunanıstan Karate Federasiyası Elnur İbrahimə dəvət göndərib.
O, danışıqlar aparmaq üçün adıçəkilən ölkəyə üz tutub və fürsətdən istifadə eləyərək, oğlunun da "Olimpiakos"da yoxlanışdan keçməsinə dair razılıq alıb.
Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli bir həftədən artıq müddətdə Pirey təmsilçisinin sıralarında qalıb.
Yunanlar ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan İbrahimovu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyənib.
