“Qarabağ”ın bütün gizlinləri bir gecədə üzə çıxdı - VİDEO

09:40 Qarabağ 163
“Qarabağ”ın bütün gizlinləri bir gecədə üzə çıxdı - VİDEO

Yavaş-yavaş hər şey öz-özünə üzə çıxır.

Və biz «Qarabağ» niyə toparlana, çıxışa keçə bilmir» sualına cavab tapırıq.

Aylardır orada-burada axtardığımız sualın cavabını bizə başqası, başqaları vermir ta. Futbolçular deyir ki, nə var, nə yox.

Deməli, dünən «Qarabağ» Qəbələyə qonaq oldu. Qonaqlar özlərini utancaq qonaq kimi apardı, ev sahiblərinin «mətbəx»inə daxil olmadı.

O qapının həndəvərində vurnuxdular, amma içəri keçmədilər. Heç həmin qapıda dayanmış gözətçiyə (Səlahət Ağayevə) ciddi narahatlıq da vermədilər, kefini pozmadılar.

«Qarabağ» artıq üç turdur ki, qələbə qazana bilmir. Ağdamlı azarkeşlərlər bizdən inciməsin, bu axar onlara çempionluq vəd eləmir. İkinci yeri tutsalar, sevinsinlər.

Hətta üçüncü pillə ilə kifayətlənmələrinə də. Çünki düşərgədə ab-hava nəzarətdən çıxıb. Qurban Qurbanovun aldığı tədbirlər bir türlü fayda vermir.

Marko Yankoviçlə Mateus Silvanın meydanın ortasındakı növbəti mübahisəsi tablonu böyük ölçüdə göstərdi.

Mənzərə budur ki, futbolçular arasında mehribanlıq dönəmi bitib, qarışıqlıq yaranıb, təfriqə düşüb. Yola getmirlər. Sözləri bir-birlərinin boğazından keçmir.

Bu, yalnız Yankoviç və Silva ilə məhdudlaşmır. Oyunun gedişində, xüsusən 75-ci dəqiqədən sonra komanda üzvlərinin hərəkətləri bəlli etdi ki, gərginlik pik həddədir.

Zəkəriyyə Savonun əl-qol ölçərək yoldaşlarına etiraz bildirməsi, Kadi Borgesin ona verilməyən pasa çılğın reaksiyası, Cebrail Makreçkisin yol verdiyi top itkilərinə vecsiz yanaşması - bunlar bir oyunun içində olan, amma bir oyuna aid olmayan, artıq şaxələnmiş problemlərin toplusudur.

Sonra da oturub baş sındırırıq ki, görəsən, Qurbanov iyundan bəri sürətlə dəyişdiyi yeni futbolçu kontingentini niyə hələ də bir düzənə gətirib çıxara, onlara öz fəlsəfəsini aşılaya bilməyib?

Köhnələr təzə gələnlərin gözü qarşısında bu cür hoqqa verirsə, daha nə olmalıdır ki?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM