İsmayıl Kartalın istefasından sonra “Fənərbağça” yeni baş məşqçi axtarışlarını davam etdirir.
İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım bu məsələdə klubun idarə heyətinin üzvü Cihan Kamerə və futbol direktoru Oğuz Çetinə tam səlahiyyət verib.
"Sabah" qəzetinin yazdığına görə, Yıldırım onlara ilk növbədə əcnəbi mütəxəssislərlə danışıqlar aparmağı tapşırıb. Klub rəhbərliyi milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər yeni baş məşqçi ilə razılığa gəlmək istəyir.
Əsas namizəd Almaniya millisinin sabiq baş məşqçisi Yulian Naqelsmanndır. Lakin 39 yaşlı mütəxəssisin karyerasını İngiltərədə davam etdirmək istəməsi danışıqları çətinləşdirə bilər.
Digər namizəd portuqaliyalı Serjio Konseysaodur. Son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdıran 51 yaşlı məşqçi iyun ayından işsizdir. Onun namizədliyinin klub rəhbərliyinin bugünkü iclasında müzakirə olunacağı gözlənilir.
Daha əvvəl gündəmdə olan Vinçentso Montella variantı isə arxa plana keçib. Buna səbəb italiyalı mütəxəssisin ən azı 3 illik müqavilə tələb etməsidir.
Yerli məşqçilər arasında əsas namizəd Aykut Kocamandır. Digər namizəd Abdullah Avcı, “Kasımpaşa”nın baş məşqçisi Emre Belözoğlu, nəhayət, komandanın müvəqqəti baş məşqçisi Dirk Kuytdur. Niderlandlı mütəxəssis qarşıdakı 3 oyunda uğurlu nəticələr qazansa, iyun ayına qədər vəzifəsində saxlanıla bilər.
“Fənərbağça”da iyun ayında prezident seçkiləri keçiriləcək. Əcnəbi məşqçilərin uzunmüddətli müqavilə istəməsi rəhbərliyin qərarını çətinləşdirən əsas amillərdən biridir.
Türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler isə Qurban Qurbanovun adını namizədlər siyahısında ilk “beşlik”də olduğunu deyib:
"Kartalın yerinə Vinçentso Montella, Qurban Qurbanov, Bülent Uyğun, Abdullah Avcı və ya Volkan Dəmirəl gələ bilər".
Bizdə olan məlumata görə, Qurban Qurbanovun namizədliyini azərbaycanlı iş adamlarından biri irəli sürüb. Əziz Yıldırımla dostluq münasibəti yaratmış biznesmen "Qarabağ"ın çalışdırıcısını ona məsləhət görüb. Bildirib ki, Qurbanovu Türkiyədə çalışmağa razı salmaq və bir neçə illik müqavilə bağlamaq mümkün olsa, “Fənərbağça”nın həyatında parlaq dönəm başlayacaq, çünki o, 18 ildən artıqdır “Qarabağ”da özünü hər mənada sübut etməyi bacarıb, məhdud büdcə ilə avrokuboklarda xaruqələr yaradıb.
SPORTİNFO.AZ
