Son günlər FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Azərbaycan millisinin çıxışı ilə bağlı müxtəlif fikirlər, tənqidlər və hətta “fiasko” kimi ifadələr səsləndirilir.
Lakin düşünürük ki, məsələyə bir qədər daha geniş və peşəkar baxmaq lazımdır.
Əvvəlcə bir məqamı unutmayaq: söhbət U-15 yaş qrupundan, yəni hələ formalaşma mərhələsində olan, futbolçu kimi inkişafının ən vacib dövrünü yaşayan uşaqlardan gedir.
Bu uşaqlar ilk dəfə belə miqyaslı beynəlxalq turnirdə iştirak edirlər. Onlar üçün bu, sadəcə futbol oyunları deyil, böyük təcrübə, yeni futbol mədəniyyəti, fərqli oyun üslubları və beynəlxalq rəqabətlə tanışlıqdır.
Turnirin nəticələrinə nəzər salaq: Zambiya İngiltərəni 3:2 hesabı ilə məğlub etdi, Qana Meksikaya 5:2 hesabı ilə qalib gəldi, İtaliya Meksikaya 0:7 hesabı ilə uduzdu,
Fransa Tunisə 3:5 hesabı ilə məğlub oldu, Zambiya Portuqaliyanı 5:2 hesabı ilə məğlub edərək öz yolunun qalibi oldu, Fransa öz qrupunda üçüncü yeri tutdu.
Bunlar dünya futbolunda öz ənənələri, infrastrukturu və böyük futbol məktəbləri olan ölkələrin U-15 səviyyəsində üzləşdiyi nəticələrdir
. Deməli, bu yaş qrupunda gözlənilməz hesablar, məğlubiyyətlər və böyük fərqlə qazanılan qələbələr futbolun inkişaf prosesinin bir hissəsidir.
Bəs biz niyə öz uşaqlarımıza gəldikdə bütün bunları unuduruq?
Niyə başqa ölkələrin yeniyetmələri böyük hesabla məğlub olduqda bunu inkişaf prosesinin bir hissəsi kimi qəbul edirik, amma Azərbaycan futbolçuları məğlub olduqda dərhal “fiasko” sözündən istifadə edirik?
Əlbəttə, nəticələr təhlil edilməlidir. Səhvlər müəyyənləşdirilməli, çatışmazlıqlar açıq şəkildə müzakirə olunmalı, məşq prosesi, hazırlıq sistemi və futbolçuların inkişafı qiymətləndirilməlidir.
Heç kim məğlubiyyəti uğur kimi təqdim etmir. Lakin təhlillə dağıdıcı tənqid arasında böyük fərq var.
Famil Xəlilovun son açıqlamasında səsləndirdiyi “bu futbolçulara, bu nəslə inanmaq lazımdır” fikri də xüsusi diqqətə layiqdir.
Baş məşqçi qeyd edir ki, futbolçular 14-15 yaşındadır, bəziləri indiyədək ölkə xaricinə belə çıxmayıb. Onlar ilk dəfə bu səviyyəli beynəlxalq turnirdə iştirak edirlər.
Altı gün ərzində 10-cu oyuna çıxmaq isə bu yaşda olan futbolçular üçün həm fiziki, həm də psixoloji baxımdan ciddi yükdür.
Xəlilovun daha çox beynəlxalq turnirlərin keçirilməsi və futbolçuların güclü rəqiblərlə qarşılaşması barədə fikirləri də olduqca vacibdir. Çünki beynəlxalq təcrübə bir neçə məşqlə və ya bir turnirlə formalaşmır.
Bu, davamlı prosesdir.
SPORTİNFO.AZ
