“Düşünürəm ki, bu, FIFA-nın 120 illik tarixində həyata keçirdiyi ən yaxşı işdir”.
Sportinfo.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
O, turnirin möhtəşəm təşkil olunduğunu bildirib:
“Açığı, söz tapa bilmirəm. Bu, möhtəşəm turnir oldu. İlk FIFA U-15 Dünya Çempionatı və Festivalını izləmək üçün Bakıya, Azərbaycana gələn hər kəs unudulmaz təcrübə yaşadı.
Futbol hər kəs və hər yer üçündür. FIFA-nın mahiyyəti də budur. Dünyanın hər bir yerində hər kəsə fürsət, şans və ümid verməliyik.
Hər bir istedad Dünya Kubokunda oynamaq imkanı əldə etməlidir. Ölkəsinin böyük və ya kiçik, zəngin və ya kasıb olmasının fərqi yoxdur. Hər kəs şansa layiqdir.
189 ölkə gəldi, görüşdü və bir araya toplandı. Eyni dili danışmasalar da, ünsiyyət qurmağı bacardılar. Hamısı eyni yerdə qalırdı.
Mən də onlarla söhbət etdim. Bu, həqiqətən, çox gözəl idi. 14-15 yaşlı oğlanlar xoşbəxtlik, sevinc və sevgi bəxş edirdilər. Onlar bu təcrübəni bütün həyatları boyu özləri ilə aparacaqlar. FIFA adından son dərəcə xoşbəxtəm”.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub
