Bakının mərkəzində yerləşən stadion yenidən istifadəyə veriləcək.
Söhbət uzun illər Premyer Liqa oyunlarına ev sahibliyi etmiş “Şəfa” stadionu kimi tanınan arenadan gedir.
Məlum olduğu kimi, “Keşlə” adını dəyişərək “Şamaxı” olandan sonra bu stadionun qapıları böyük futbolun üzünə bağlanmışdı.
Lakin artıq arenada yenidənqurma işləri aparılıb və stadionun istifadəyə verilməsi üçün son hazırlıqlar görülür.
Sportinfo.az xəbər verir ki, “Şəfa” rəhbərliyinin ayırdığı vəsait hesabına stadionda bir sıra işlər həyata keçirilib. Oturacaqlar yenilənib, fasad dəyişdirilib, süni örtüklü yeni meydança salınıb. Hazırda arena, demək olar ki, istifadəyə hazır vəziyyətdədir.
Artıq komanda həftəiçi məşqlərini də burada keçirməyə başlayıb.
Bununla belə, stadionun Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etməsi üçün UEFA-nın müvafiq icazəsi alınmalıdır.
Bir neçə gün əvvəl Avropa futbol qurumunun nümayəndələri Bakıya gələrək meydançanın vəziyyəti ilə yerində tanış olublar. Qazonun vəziyyəti yoxlanılıb, müvafiq analizlər üçün nümunələr götürülüb.
Həmin nümunələr araşdırılmaq üçün Avropaya göndərilib.
UEFA-dan müsbət rəy alınacağı təqdirdə, “Şəfa” Premyer Liqadakı rəqiblərini öz meydanında qəbul edə biləcək.
Bəs bu, nə vaxt baş verəcək?
Hər şey UEFA-nın verəcəyi qərardan asılıdır.
Məlum olan odur ki, Premyer Liqanın debütantı yanvar ayına qədər stadionun qapılarını futbolsevərlərin üzünə açmağı hədəfləyir.
Proses iki həftəyə də yekunlaşa bilər, iki ay da çəkə bilər.
HƏBİB
