Klub prezidenti CIRDIĞI SƏNƏD və onu ŞOK EDƏN hadisə haqda “Sportinfo”ya danışdı

16 Noyabr 2021 16:00 Müsahibə 1 369
Klub prezidenti CIRDIĞI SƏNƏD və onu ŞOK EDƏN hadisə haqda “Sportinfo”ya danışdı

Georgi Nikolov Azərbaycanda çalışdığı müddətdə hər zaman səmimiliyi ilə seçilib.

Bolqarıstanlı funksioner “İnter”in prezidenti olduğu dövrdə müsahibə üçün heç də az həmsöhbət olmamışdıq.

Etiraf edim ki, az qala hər açıqlaması manşetə yararlı idi.

Hər nə qədər faydalı və səmimi həmsöhbət olsa da, rəhbərlik etdiyi klubla bağlı az söz-söhbət yaranmayıb.

“Simurq”la qardaşlıqdan tutmuş azarkeşlərlə uzaqlığa qədər, Cahangir Hacıyevin həbsindən tutmuş “Neftçi”yə atmacasına qədər.

Hadisələrin üstündən illər keçib, “İnter”in adı dəyişib “Keşlə”, sonra da “Şamaxı” olmağa imkan tapıb.. Nikolov isə 5 ilə yaxındır Azərbaycanı tərk edib.

Deməli, növbəti səmimi söhbət üçün əla zamandır. Hazırda vətənində olan bolqar iş adamını arayıb, bütün qaranlıq məqamlarla bağlı müsahibə üçün xahiş edəndə, ənənəsinə sadiq qalıb bu dəfə də “problem yoxdur” dedi.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/127031.html)

- Bu limitlərlə sizinlə çalışmış sürücü(lər)in güzəranını təsəvvür etməkdə çətinlik çəkmirəm.

- “İnter”ə rəhbərlik etdiyim dönəmdə iki dəfə baş məşqçi dəyişikliyi etmişdim. Valentin Xodukini Kaxaber Tsxadadze ilə əvəzləmişdik, Kaxanı da Zaur Svanadze ilə. Lakin eyni sözü sürücülərlə bağlı deyə bilməyəcəm. Çünki 10 ildə beş sürücü dəyişmişdim. Allah rəhmət eləsin, biri rəhmətə getmişdi, digərlərini özüm dəyişmişdim. Sürücülük böyük cavabdehlik daşınan sənətdir. Son dərəcədə məsuliyyətli olmalısan. Amma inanmıram ki, hansısa biri məndən narazılıq etsin.

- “İnter”də 10 illik fəaliyyətinizə əsasən özünüz özünüzə hansı qiyməti verərdiz?

- İnsanı özü yox, ətrafdakılar qiymətləndirməlidir. Düzü, buna öyrəncəli deyiləm. Amma suala cavab vermək şərtdirsə, “5” üzərindən “4” verərdim gördüyüm işlərə.

- Niyə məhz “4”?

- İki səbəbə görə. Birincisi, ölkə kubokunu qazana bilmədik. Üç dəfə finala yüksəlsək də, heç bir halda qalib gəlmək mümkün olmadı. İkincisi və ən vacibi, stadionu azarkeşlərlə doldura bilməməyim. Bu, ən böyük arzum idi. Klubu tanıtmaq, sevdirmək və fanatları tribunalara cəlb etmək. Alınmadı... Azarkeşlərimizin sayı çox az idi, çox.

- Kaxaber Tsxadadze ilə dil tapmaq heç də asan deyildi. Hətta biz jurnalistlərlə belə, mübahisə etməyə imkan tapırdı. Bildiyimə görə, aranızdakı münasibətlər qaydasında olmayıb, bir gün isti, o biri gün soyuq. Nə idi problem?

- Xaraktercə sakit və səbrli adamam. Hər zaman sakit ruhda yaşamağın tərəfdarı olmuşam. Di gəl, Kaxa ilə alınmırdı (ucadan gulür). Peşəkar karyerasına əsasən özündənrazılığı vardı, hövsələsizliyi, özündən tez çıxmağı. Xarakterlərimiz fərqli olduğu üçün ümumi dil tapmaqda çətinlik çəkirdik.

- Nə əcəb səbr edirdiz? Yola salmaq əlinizdə deyildi məgər?

- Yola salmaq çıxış yolu deyil axı. İnsan ciddi işlər görməyə çalışırsa, bəzən çatışmazlıqlarına dözməli olursan. Hətta özü “İnter”i tərk etmək istəyəndə belə, buna imkan verməmişəm. Xatırlayıram, səhv etmirəmsə, 2012-ci il idi, komanda mövsümə çox pis başlamışdı. Məğlubiyyətlər sıralanır, təzyiq artır, vəziyyət çıxılmaza doğru gedirdi. Kaxanın istefa ərizəsini gətirdilər mənə. Çağırdım yanıma, sual verdim, Kaxa, belə vəziyyətdə komandanı atıb gedirsən, sonrasını düşünmürsən? Dedi, yox, qalmıram, işləmirəm, gedirəm və s. Masanın üstündəki ərizəsini cırıb, işdən sonra axşam restoranda görüşməyimizin vacibliyini bildirdim. Mən idim, xanımım və Kaxa. Üçlükdə futboldan başqa hər şeydən danışdıq ki, kefimiz açılsın. Sonda söhbət gəlib işə çatanda, qayıtdı ki, mən “İnter”dəki işimi davam etdirirəm. Ortaq dil tapdıq, bir-birimizə dəstək olduq və həmin mövsümü medalla başa vurduq. Belə günlərimiz də olub.

- “İnter”in başlıca problemlərindən biri də legionerlərə hədsiz böyük pullar xərcləməsiydi. Az qala hər fasilə dönəmində 10 əcnəbini göndərib, yerinə 10-nu gətirirdiz və buna görə qınanırdız, siyasətiniz insanlarda qıcıq yaranırdı. Fərqindəydiz?

- Səmimi danışaq, “İnter”in tarixində kifayət qədər səviyyəli legionerlər olub ki, komandaya və Azərbaycan futboluna fayda veriblər. Valter Quqlemonu xatırlayaq, iki dəfə bombardir oldu. Robertas Poşkus kimi sözün hər mənasında nəhəngi yada salaq. Kaxa ilə yola getməsə də, əla hücumçu idi. “Birlik kuboku”nun qazanılmasında hədsiz əməyi olan Girts Karlsondan danışaq. İcazə verin, bolqarlarımın adını çəkim – Petar Zlatinovla Svilyen Semyonov. Yeri gəlmişkən, Zlatinov həm jurnalistlərin, həm də futbol sahəsində çalışanların sevimlisi sayılırdı. PFL prezidenti Ramin Musayev ona hörmətindən dolayı “oğlum” deyirdi. Əlbəttə, faydalılarla yanaşı faydasız legionerlərimiz də olub. İş olan yerdə səhvlər qaçılmazdır.

- Razılaşaq ki, əcnəbilərə həddən artıq böyük pullar xərclənirdi.

- Həddən artıq deyirsiz. Sizcə, “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı” və “Qəbələ”dən çox xərcləyirdik? Biz o legionerləri rəqiblərdən geri qalmamaq, Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün cəlb edirdik. Çünki çempionatda ciddi rəqabət var idi. Digərləri gücləndiyi halda, biz də güclənməliydik.

- “Neftçi”dən söz düşmüşkən, ölkənin ən köklü klubunun ünvanına yazdığınız “Neftçi”nin tarixindəki ləkə” ifadəsi böyük səs-küyə səbəb olmuşdu və buna görə az qınanmamışdız. Sonradan soyuq başla düşünəndə bu klubun tarixi haqda o sözləri yazmağınıza peşman olmamışdız?

- Xeyr-xeyr, heç vaxt. Çünki o ifadəni nə üçün və hansı mənada işlətdiyimi yaxşı bilirdim. “Neftçi” azarkeşlərinin xuliqanlığı nəticəsində emosiyalardan irəli gələn partlayış idi məndə. Qazonu min bir əziyyətlə yeni döşəmişdik və həmin işdə əziyyətim heç də az olmamışdı. “Neftçi”nin fanatlarının yeni döşənmiş örtüyü petardlarla yandırdığını görəndə, sanki özümü, ürəyimi yandırmışdılar. Onların xuliqanlığı nəticəsində örtük ciddi ziyan görmüşdü. Ona görə də azarkeşlərin hərəkətini “Neftçi”nin adına, tarixinə ləkə kimi həkk olunduğunu yazmışdım. Və nə demək istədiyimi həmin vaxt kluba rəhbərlik edən Sadıq Sadıqov başa düşmüşdü. Təəssüf ki, futbol ictimaiyyəti, veteranlar və azarkeşlər sözlərimi yanlış yerə yozub, Nikolovu vətən düşməni elan etmişdi.

- “İnter”ə rəhbərlik etdiyiniz dönəmdə klub iki rusdilli media orqanı ilə əməkdaşlıq edib – biri qəzet, digəri sayt. Premyer Liqanın aparıcı klubları mətbuatla əməkdaşlıqda maraqlı olduğu halda, siz niyə buna gərək duymurduz?

- Sözlərimdən inciməməyinizi və məni o vaxtkı qərarıma görə qınamamağınızı öncədən xahiş edirəm. Klubla media arasındakı reklam əməkdaşlığında məna görmürdüm. Bir iş görürsənsə, pul xərcləyirsənsə, ilk növbədə ordan nə qazanacağını düşünməlisən. Mən isə əməkdaşlıqdan hansısa qazanc görməyəcəyimiz qənaətində idim. Yadınızdadırsa, ən yaxşı vaxtımızda “İnter” TV ilə “İnter” Radio yaratmışdıq. Üstəlik, klubun “Forward” adlı jurnalı işıq üzü görürdü. Klub televiziyasının istifadəsi üçün ən yaxşı texniki vasitələr almışdıq. Bilmirəm, onlar indi qalır, ya yox – amma almışdıq. Niyyətim klubun özü-özünü reklam etməsiydi.

- 2015-ci ilin əvvəlində sizə doğma olan Cahangir Hacıyevin saxlanılması və klubun başının üzərinə qara buludların alması. Həmin anları sözlə canlandıra bilərsiz?

- Bir mart gününün səhəri idi. İşə gedirdim və həmkarlarınızdan biri zəng vurub, hansı hislər keçirdiyimi soruşmuşdu. Sualı hansı anlamda verdiyini öyrənəndə, “Cahangir Hacıyev “Beynəlxalq Bank”dan ayrıldı” cavabını almışdım. Bu, mənim üçün gözləmədiyim anda vurulan qəfil zərbə idi. İnanırsız, açıqlama verməyə söz tapa bilmirdim. Yaxşı ki, ürəyim bu xəbərə tab gətirmişdi. Cahangir müəllim bankdan ayrılandan sonra faktiki tək qalmışdım. Martdan iyula kimi tək idim. Nə dərdimi deməyə adam var idi, nə də söykənməyə yerim. O boyda klubun yükü çiyinlərimdə idi. Doğru qərar verməli, çıxış yolları tapmalıydım. Çayda batmağa doğru gedirdim, lakin özümdə güc tapıb sudan çıxmağa çalışırdım ki, klubu əlimizdən almasınlar. 2015-ci ildə Cahangir müəllimi heç bir əsas olmadan həbs etdilər, sonrası hamıya məlumdur. Halbuki, indiyə qədər İngiltərədə “Şahzadə Viktoriya Ordeni” ilə təltif olunan Hacıyevin maliyyə fırıldaqlarında, maliyyə yeyintisində, dövlət əmlakını mənimsəməkdə suçlu olduğuna inanmıram. Dünya bank sektorunda ali ordenlərdən birinə layiq görülən insan oğru, yaxud işbaz ola bilməz! Bu, sadəcə, mümkün deyil.

- Cahangir bəyin həbsindən sonra siz və xanımınız üçün Bakıda qara günlərin başladığını xatırlayıram. Yada salmaq acı deyilsə, o dönəmə də qayıda bilərik?

- ...(davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti