
“Neftçi”nin heyətinə qatdığı Vensan Abubakarın Azərbaycanda qazanacağı məbləğ ciddi şəkildə müzakirə olunur.
Hər ağızdan bir avaz gəlir.
Kimə inanasan, kimə inanmayasan…
Kamerunlu hücumçu “ağ-qaralar“la 8 aylıq müqavilə imzalayıb. 33 yaşlı ulduz bu müddətdə 350 min dolların üstündə əməkhaqqı alacaq.
Karyerası ərzində “Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda çıxış etmiş forvard danışıqların başında 500 min dollara (850 min manat) yaxın gəlir əldə etmək istəsə də, sonra maliyyə tələblərində güzəştə gedib.
“Neftçi”nin tarixi barədə məlumatlar əldə edən afrikalı legioner Cənubi Amerika və Asiyadan gələn təklifləri geri çevirib.
Azərbaycandan aldığı dəvəti qəbul edən Abubakar növbəti mövsümü də ağ-qara formayla keçirə bilər. Bunun üçün o, qolçuluq bacarığını Premyer Liqada göstərməlidir.
Çıxışı məhsuldar alınarsa, bakılılar onunla sözləşməni 1 il müddətinə uzadılacaq. Belədə isə Kamerun yığmasının üzvünün illik məvacibi 600 min dolları ötəcək.
Ümumilikdə götürsək, Abubukar 1,8 il ərzində “Neftçi”də 1 milyon dollar civarında irəli düşəcək. Bura bəzi bonuslar da daxildir.
SPORTİNFO.AZ